“Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməliyik”.
Bunu açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.
Millət vəkili deyib ki, Azərbaycan iyul ayında Ermənistanla dövlət sərhədinin Tovuz istiqamətində düşmənə layiqli cavabını verib, öz ərazi bütövlüyünü qoruyub və bir daha göstərib ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq: “Əfsuslar ki, bu, onlar üçün dərs olmadı. Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl ataraq mülki əhaliyə və hərbçilərimizə qarşı terror aktı törətmək üçün Azərbaycana diversiya qrupu göndərdi, diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanıldı. Eyni zamanda, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Eyni zamanda, işğal edilmiş torpaqlarda bu yaxınlarda keçirilmiş hərbi təlimlər bizim üçün Ermənistanın növbəti təxribatıdır. Bu gün saat 06.00 radələrində Ermənistan silahlı birləşmələri növbəti təxribata əl atıb”.
M. İbrahimqızı Azərbaycan Ordusunun bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatına başladığını bildirib: “Azərbaycanın qəhrəman Ordusu təcavüzkar Ermənistanın alçaq hücumunun qarşısının alınması üçün müvafiq tədbirlər görüb və görməkdədir. Əks-hücum əməliyyatı ilə artıq bir neçə yaşayış məntəqəmiz işğaldan azad edilib, Ağdərə və Murovdağ istiqamətində mühüm yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ali Baş Komandan Təhlükəsizlik Şurasının iclasında bu münasibətlə Azərbaycan xalqını təbrik edib. Ali Baş Komandanın da vurğuladığı kimi, xalqımız əmindir ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaq, ədalətsizliyə son qoyacaq, 30 ilə yaxındır davam edən işğala son qoyacaq. Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı vətən həsrəti ilə yaşayır ”.
Millət vəkili əmindir ki, xalqımız həmrəylik nümayiş etdirəcək, yaşadığı regiondan, tutduğu mövqedən, sosial durumundan asılı olmayaraq vahid mövqedən çıxış edəcək: “Azərbaycan xalqı Ali Baş Komandanın və Milli Ordusunun arxasındadır. Lazım olsa, hər birimiz gedib cəbhədə vuruşub canımızı verməyə hazırıq. Bizim işimiz haqq işidir və biz mütləq qalib gələcəyik, qələbə çalacağıq. Allah Milli Ordumuzu müzəffər etsin. Azərbaycan Xalqı Ali Baş Komandana inanır və güvənir”.
M. İbrahimqızı koronavirus pandemiyasını da nəzərə alaraq, vətəndaşlarımızı virusdan qorunmaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə ciddi riayət etməsini də vacib sayıb.APA
Deputat: "30 ilə yaxındır, davam edən işğala son qoyulacaq"