“Bildiyiniz kimi, sentyabrın 27-də səhər saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozub. Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin təxribatlarına son qoyulması üçün çağırışlar etmişdi. Dövlət başçısı BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında da bu məsələyə toxunmuşdu. Amma Ermənistan buna məhəl qoymayaraq növbəti təxribatlara əl atdı. Sevindirici haldır ki, Azərbaycanın şanlı ordusu cəbhəboyu bütün mövqelərdən əks-hücum həyata keçirdi, artıq bir neçə yaşayış mənqətəsi, stateji yüksəkliklər işğaldan azad edilib. Müdafiə Nazirliyinin məlumatlarına əsasən, cəbhəboyu gərgin döyüşlər davam edir və Azərbaycan ordusu irəliləyir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan xarici dövlətlərə müraciət edərək savaşın qarşısını almağa çağırış edib: “Hansı ki, o, bir müddət əvvəl Şuşada, Xankəndidə tullana-tullana oynayırdı. Həm Ermənistanın, həm də qondarma rejiminin daxilində böyük panika var, bunun da əsasında Azərbaycan ordusunun irəliləməsi durur. Görünən odur ki, həm ordumuzda, həm də xalqımızda çox böyük ruh yüksəkliyi var. Ordu və xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Hamımız əsgər kimi işğal altında olan torpaqlarımızı azad etməyə hazırıq. Dövlət başçısı qələbə münasibətilə xalqımızı, güclü ordumuzu təbrik edib. Prezidentin təbrikində düşmən ölkəyə də mesaj var: Artıq bəsdir, xalqın səbri tükənib, bu qədər təxribat olmaz... Ermənilər Azərbaycan ordusunun gücünü, qüdrətini, vətənpərvərliyini bilirlər. Xaricdə yaşayan azərbaycanlıların da ürəyi Azərbaycanla döyünür. Dünya dövlətlərindən, xüsusilə Türkiyə və Pakistandan Azərbaycana böyük dəstək var. Beynəlxalq mətbuatda da ermənilərin faşizm siyasətinə, təxribatlarına həsr edilən məlumatlar dərc edilir, sujetlər yayımlanır. Əlbəttə ki, böyük qələbəmiz çox uzaqda deyil, əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlar tamamilə azad ediləcək. İşğaldan azad edilən kəndlər, qəsəbələr, şəhərlər abadlaşdırılacaq və həmin ərazilərdə üç rəngli bayrağımız dalğalanacaq”.
Deputat vurğulayıb ki, Ermənistan tərəfi 30 ilə yaxındır, danışıqlar prosesini pozur: “Artıq danışıqlar fiaskoya uğrayıb, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birbaşa cavabdeh olduğu danışıqlar prosesi tamamilə sıfıra enib. Ermənistan sülhə dəvət edilsə də, təxribatlarından əl çəkmirdi. Onlar son zamanlar “Gəncəni vuracağıq”, “Azərbaycanın strateji neft-qaz kəmərlərini vuracağıq” tipli informasiya təxribatları da törədirdilər. Paşinyanın “Qarabağ Ermənistandır” deməsi son nöqtə idi və danışıqlar prosesinə ciddi zərbə vuruldu. İndi narahatlıq keçirən dövlətlər, beynəlxalq təşkilatlar başa düşməlidirlər ki, münaqişə daha əvvəldən həll edilməli idi. Bu gün Ermənistan yeni ərazi iddiaları ilə təxribat törədir, hücuma keçir, Azərbaycan da həm ərazi bütövlüyümüzün təhlükəsizliyini təmin edir, həm də işğal altında olan torpaqlarımızı azad edir. Bilirik ki, əks-hücumun dayandırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciətlər edilir. Azərbaycan ordusu, xalqı sözünü deyir, çünki beynəlxalq hüquq bizim tərəfimizdədir. Azərbaycanın heç bir ölkənin torpağında gözü yoxdur, mübarizə yalnız ərazi bütövlüyümüzün bərpası uğrundadır. Bu, sonadək davam edəcək və işğal altında torpaqlar azad olunacaq”.
Kənan