Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Fərhad müəllim, cəbhə bölgəsində baş verən hadisələri necə dəyərləndirirsiniz? Təəssüratınız necədir?
- Həddindən artıq qələbə ab-havası üçün hələ tezdir. Bu, hələ başlanğıcdır. Əhali məsuliyyətini daha da artırmalıdır, bayram ab-havasına tələsməyək. Gəlin, bir az praqmatik olaq. Biz şəhidlər veririk, Allah onlara rəhmət eləsin! Hazırda daha çox ciddi və məsuliyyətli hərəkət etmək lazımdır. Xahiş edirəm ki, real düşünək.
Düşmənin çox böyük havadarları var, hələ bilmirik necə olacaq. Biz addım-addım, ehtiyatla irəli getməliyik. Hər tərəfdən düşmənimiz var. Azərbaycanı sevməyən ölkələr az deyil. Ona görə bütün xalq cənab Prezident İlham Əliyevə dəstək verməlidir.
Siyasi partiyalara səslənirəm ki, ambisiya vaxtı deyil. Siyasi mübarizəni qələbədən sonraya saxlamalıdırlar. Siyasi partiyalardan, müxalifət liderlərindən xahiş edirəm ki, ordumuza dəstək versinlər. Əsas məsələ budur, bu, çox vacibdir.
- Yeddi kəndimiz işğaldan azad edildi, Murov zirvəsini və Talış istiqamətində bir sıra yüksəklikləri geri aldıq. Mövcud prosesin davamını necə təsəvvür edirsiniz?
- Bu günlər ərzində bütün imkanlarımızı ortaya qoymalı və erməniləri torpaqlarımızdan azad etməliyik. Çünki növbəti danışıqlarda bu qələbə çox mühüm rol oynayır. Ermənilərlə başqa cür danışmaq lazımdır. İndi onlar başa düşdülər ki, Şuşada çalıb oynamaq, orada parlament yaratmaq olmaz. Bizi qıcıqlandırmaq təhlükəli idi. Onlar bunu indi başa düşdülər.
Biz nə istəyirik? Bütün rayonlarımız işğaldan azad edilsin. Biz Ermənistana getmirik, öz torpaqlarımızı istəyirik, Vətənimizdə vuruşuruq. Əgər danışıqlar olsa, bütün erməni silahlı qüvvələri Azərbaycandan çıxmalıdırlar. Başqa yolu yoxdur. Əgər bu olmasa, müharibə davam edəcək.