Cəbhədə ötən gün səhər saatlarından Azərbaycan ordusunun başlatdığı əks-hücum əməliyyatları və ermənilərin addımları, o cümlədən beynəlxalq reaksiyalar əsas müzakirə mövzularıdır.
Pravda.az bu mövzuda sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibəni təqdim edir:
- Tofiq müəllim, sentyabrın 27-dən cəbhədə başlanan və hazırda davam edən hərbi əməliyyatları necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, əməliyyatların gedişatını hərbi mütəxəssislər qiymətləndirməlidir. Məsələnin siyasi tərəflərinə diqqət çəkə bilərik. Hiss edilir ki, Ermənistan tərəfi iki istiqamətdə təxribat hazırlayır. Hesab edirəm ki, bunlardan biri Dağlıq Qarabağ qondarma respublikasının Ermənistan tərəfindən tanınması addımı ola bilər. Hazırda Paşinyan hökumətinin populist siyasəti bunu həyata keçirə bilər. Biz anlamalıyıq ki, zamanında onlar danışıqlar prosesində tərəf kimi qondarma respublikanın iştirakını istədikdə, bunu problemin həlli məqsədilə etmirdilər. Amma əgər Ermənistan qondarma rejimin müstəqilliyini tanımaq kimi addıma getsə, bu, onların işğalçı siyasətinin bir qədər də qabardılmasına səbəb olacaq.
İkincisi, onlar cəhd edəcəklər ki, hərbi əməliyyatlar yalnız Qarabağ cəbhəsində davam etməsin. Ermənistan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərəfindən dəstək əldə edə bilməyib. Bu səbəbdən onlara hava və su kimi lazımdır ki, hərbi əməliyyatları Ermənistan-Azərbaycan sərhədlərinə keçirsinlər. Buna cəhd etmələri istisna deyil. Hesab edirəm ki, Ermənistan hökuməti bu iki addıma gedə bilər, ələlxüsus Naxçıvan istiqamətində belə təxribatçı addım ata bilərlər.
- Paşinyan ötən gün parlamentdə çıxışı zamanı bildirdi ki, Qarabağ problemini həll etmək mümkündür. O, üzünü deputatlara tutaraq “Dağlıq Qarabağa Azərbaycan daxilində muxtariyyət verməklə hadisələri bu saat dayandırmaq olar” ifadəsini işlətdi və deputatlardan bunu istəyib-istəmədiklərini soruşdu. Deputatlar isə “heç vaxt” deyə qışqırdılar. Onun bu gedişi nəyə hesablanıb?
- Əvvəla nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağa muxtariyyət statusu verən yoxdur. Azərbaycanın gündəmində belə bir məsələ mövcud deyil. Zamanında onlara belə bir təklif edilmişdi, lakin qəbul etməmişdilər. Hazırda bu məsələ Azərbaycanın gündəliyində yoxdur. Ermənistan açıq bəyan edir ki, Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin edir. Ona görə, onun qoşunları Qarabağdadır. Amma bu rolu heç kim tanımır. İndi işğalçı siyasəti hamarlamaq üçün Paşinyan belə formada öz əməllərinə don geyindirmək istəyir. Hesab edirəm ki, bu çağırışla Ermənistanı müharibəyə qatmaq istəyir. Deputatların “Yox, heç vaxt” deməsindən sonra Paşinyan bildirir ki, yaxşı, onda gəlin hamılıqla gedək orada erməniləri müdafiə edək. Odur ki, yuxarıda qeyd etdiyim kimi onlar çalışırdılar ki, hərbi qarşıdurmanı iki ölkə arasında salsınlar. Amma indiyə qədər bu baş tutmayıb.
İndi əsas məsələ Azərbaycan tərəfindən hansı addımların atılması ilə bağlıdır. Hazırda beynəlxalq qurumlardan, aparıcı ölkələrdən əməliyyatların dayandırılnmasına dair çağırışlar var. Ancaq hərbi əməliyyatların dayandırılmasının hansısa şərtləri olmalıdır. Bu şərtlərə əməl edilməlidir ki, hərbi əməliyyatlar dayansın. Əslində bu şərtlərin biri cənab Prezident tərəfindən açıqlanıb. Bu ondan ibarətdir ki, danışıqlar olarsa, bu zaman işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxması üçün qrafik tutulmalıdır. Ola bilsin ki, bu istiqamətdə danışıqlar baş verə bilər. Sözsüz ki, əvvəlcə həmsdərlər danışıqların bərpa edilməsi təklifi ilə çıxış edəcəklər. O zaman biz deməliyik ki, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasına hazırdırlarsa, danışıqlar baş tuta bilər. Bu halda qrafikin digər texniki məsələlərini danışıqlar vasitəsilə həll etmək olar.
- Hazırda əməliyyatlar davam edir, Azərbaycan ordusu bəzi yüksəklikləri azad edib. Gedişatı necə qiymətləndirirsiniz?
- Hiss edilir ki, Azərbaycan Qarabağ hərbi teatrında Ermənistanı məcbur edir ki, ehtiyat qüvvələrini bura gətirsin və müdafiə prosesinə cəlb etsin. Deməli, digər istiqamətdə - cəbhənin erməni səngərlərində boşalma baş verir. Mən istisna etmirəm ki, ikinci mərhələdə Azərbaycan ordusu digər istiqamətlərə də zərbələr endirə bilər. Məntiq bunu deyir.