Dünən səhəri xoş bir xəbərlə açdıq: Azərbayca Ordusu mənfur düşmənin illər boyu davam edən çoxsaylı təxribatlarına cavab olaraq, cəbhə boyu əks-həmləyə keçib. Düşmən bu gözlənilməz həmlədən başını itirərək Ermənistana qaçır. Artıq bir neçə istiqamətdə 7 kəndimiz, Murov yüksəkliyi düşməndən azad edilib. Ordumuzun zəfər yürüşü davam edir.
Pravda.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov söyləmişdir.
O qeyd etmişdir ki, Ermənistan silahlı qüvvələrinin doyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.
Ordumuzun şəxsi heyəti və tank bölmələri tərəfindən raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilib sıradan çıxarılır və onların hərəkət trayektoriyası daim nəzarət altındadır.
K.Qafarov bildirmişdir ki, 27 sentyabrda cəbhə boyunca baş verən hadisələrə görə bilavasitə Ermənistan hökuməti məsuliyyət daşıyır. Həmin gün səhərə yaxın Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinin atəşə tutulması Azərbaycan ordusunun səbr kasasını dolduran amillər olmuşlar.