Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 23.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə təsdiq edilmişdir.
Təsdiq edilmiş tədbirlərə, əsasən fiziki şəxslərin və biznesin, xüsusilə pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, bu məqsədlə bankların requlyativ yükünün azaldılması, bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması, pandemiya dövründə iqtisadi subyektlərin ödəniş xidmətləri üzrə xərclərinin azaldılması, sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və sığorta olunanların hüquqlarının qorunması, kapital bazarı iştirakçılarına requlyativ tətillərin və güzəştlərin verilməsi nəzərdə tutulmuşdur.
Fiziki şəxslərin və pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, habelə bank sektoru üzrə requlyativ çərçivənin modifikasiyası tədbirləri çərçivəsində 30 sentyabr 2020-ci il tarixinədək kreditlərin təsnifləşdirilməsi üzrə requlyativ tələblər yumşaldılmış və dividend ödənişləri məhdudlaşdırılmış, kreditlərin təsnifləşdirilməsi üzrə güzəştlər faizləri subsidiyalaşdırılan sahibkarlıq kreditlərinə və dövlət fondlarının vəsaiti hesabına verilmiş kreditlərin restrukturizasiyasına şamil edilmişdir. Bununla yanaşı, kredit təşkilatlarına 30 sentyabr 2020-ci il tarixinədək əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, həmçinin borcalanlar üzrə neqativ məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunması tövsiyə edilmişdir.
Pandemiya ilə əlaqədar tətbiq edilmiş karantin dövründə banklar tərəfindən pandemiyadan təsirlənmiş fiziki şəxslərin və sahibkarların kreditlərinin geniş restrukturizasiyası prosesinə başlanılmışdır. 15.09.2020-ci il tarixinə pandemiya ilə bağlı 1.3 mlrd. manat məbləğində restrukturizasiya müraciəti olunmuş, müraciətlərin məbləğ üzrə 85%-i icra edilmişdir. Hazırda, banklarda restrukturizasiya müraciətlərinə baxılması prosesi davam edir.