Azərbaycan prezidenti İlham Əliyev ölkəmiz üçün önəmli və taleyüklü bir dövrdə Rusiyanın “Rossiya l” telekanalına müsahibə verərək sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində başlanmış müharibə haqqında həqiqətləri ustalıqla böyük auditoriyaya çatdırdı. Prezident İlham Əliyev Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında məlumatlandırdı. Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Hüseynov bu barədə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyev “Rossiya 1" telekanalına müsahibəsində qalib dövlətin, qalib ordunun Ali Baş Komandanı olduğunu bir daha qətiyyəti ilə nümayiş etdirdi: ”Prezident Dağlıq Qarabağ münaqişəsini indiki vəziyyətə hansı səbəblərdən gəlib çatdığını, bu gün yaşananları, Azərbaycan reallıqlarını, Ermənistanın işğalçılığını, Ermənistan iqtidarının terrorçu mahiyyətini çox böyük məharətlə, faktlarla ortaya qoydu. Bu müsahibə Azərbaycanın Ali Baş Komandanının Dağlıq Qarabağ məsələsində, torpaqlarımızın azad olunmasında necə qətiyyətli olduğunu Rusiya ictimaiyyətinə, həmin telekanalı izləyən bütün dünya ictimaiyyətinə nümayiş etdirmiş oldu: Cənab Prezident Azərbaycana qarşı Ermənistanın işğalçılıq həyata keçirdiyini, danışıqları Ermənistan hakimiyyətinin bütün vasitələrlə pozmaq xətti yürütdüyünü sübutlarla qeyd etdi. Azərbaycanın heç bir ölkənin ərazisində hərbi əməliyyatlar keçirmədiyini, yalnız öz ərazisində işğalçı Ermənistan ordusuna qarşı əks-hücum həyata keçirdiyini cənab İlham Əliyev dəfələrlə vurğuladı. Eyni zamanda Azərbaycanın beynəlxalq konvensiyalara, 1949-cu il Cenevrə konvensiyasına hörmətlə yanaşdığını, Ermənistanın isə beynəlxalq konvensiyaları, Cenevrə konvensiyasını pozduğunu, faktiki olaraq hərbi cinayət törətdiyini və bu gün də hərbi cinayət törətməkdə davam etdiyini dəlillərlə ortaya oydu. Şübhə etmirəm ki, bu müsahibəni dinləyən istənilən siyasətçi, istənilən adi insan danışıqları Ermənistanın pozduğuna, Azərbaycanın öz torpaqlarının azadlığına nail olmaqdan başqa niyyətinin olmadığına əmin oldu.
Azərbaycan prezidenti həmçinin bəyan etmiş oldu ki, Ermənistanın işğalçılıq siyasəti, Qarabağa xaricdən terrorçu qrupları gətirməsi təkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün təhlükə vəd edir. Bölgə dövlətləri, o cümlədən Avropanın özü bunun fərqində olmalıdır. Əslində bu gün Azərbaycan dövləti, ordusu, Azərbaycan prezidenti həm də bütün regionun gələcək təhlükəsizliyi uğrunda mübarizə aparır. Buna görə Azərbaycana minnətdar olmalıdırlar və Azərbaycanın haqq işini müdafiə etməlidirlər".
Deputat bildirdi ki, Azərbaycan prezidentinin müsahibəsinin ən mühüm qürurverici məqamlarından biri də qardaş Türkiyəni öz ölkəsinin müdafiə etdiyi kimi müdafiə etməsi, Ermənistanın Türkiyə ilə bağlı son günlər apardığı antitəbliğatı yerlə bir etməsi oldu. Prezidentimiz erməniləri ifşa edərək onların Türkiyəyə qarşı böhtanının keçmədiyini qətiyyətlə bəyan elədi.
A.Hüseynov qeyd etdi ki, Rusiya mediası və ictimaiyyəti İlham Əliyevin necə qətiyyətli, arqumentlərlə mövqeyini ortaya qoyan, çox böyük diplomatik təcrübəsi olan, xalqının iradəsinə arxalanan lider olduğunu bir daha gördü: “Azərbaycan prezidentinin hər müsahibəsi, hər çıxışı, hər cümləsi ciddi təsir gücünə malikdir. ”Rossiya 1" kanalına müsahibəsi isə xüsusilə möhtəşəm idi.
Ermənistanın baş naziri Nikol Paşinyanı isə Rusiyada, rus mediasında artıq tamamilə qeyri-ciddi, populist küçə siyasətçisi, Sorosun kuklası kimi tanıyırlar. Nikol Paşinyanın açıqlamaları və bəyanatlarını ciddiyə almırlar. Nikol Paşinyanı cəbhədə Azərbaycan Ordusu bir siyasətçi kimi bitirir, siyasi müstəvidə isə Azərbaycan prezidenti artıq bitirib, məhv edib. Paşinyanın simasında işğalçı Ermənistanın işğalçı siyasəti də bitirilərək məhv edilir. Ordumuz bunu döyüş meydanında, Ali Baş Komandanımız isə siyasət meydanında, diplomatik meydanda edir".
Prezident İlham Əliyevin müsahibəsində nümayiş etdirdiyi qətiyyət, mövqe Azərbaycan müxalifətində də çox yüksək qiymətləndirilib. Bu barədə ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, prezident İlham Əliyev bu müsahibəsində və bundan əvvəlki çıxışlarında Qarabağ məsələsi ilə bağlı çox düzgün, çox qətiyyətli, haqqa, ədalətə söykənən mövqe nümayiş etdirdi: “Ordumuz hərbi əməliyyatları peşəkar icra eləməkdədir, Azərbaycan prezidenti isə müsahibəsi və çıxışları ilə siyasi diplomatik əməliyyatları icra eləməkdədir. Yəni diqqət etdikdə görürük ki, sinxron, bir-birini tamamlayan proses gedir. Cəbhədə ordu döyüşür, siyasi meydanda Prezident. Bu isə mən əminəm ki, faktiki olaraq Qarabağın 10 gün ərzində azad edilməsi ilə nəticələnəcək. Mənim fikrimcə, artıq Ağdərə, Kəlbəcər, Füzuli Azərbaycan Ordusunun nəzarəti altındadır. Xocavənd nəzarətimizə tam keçmək üzrədir. Qarabağ probleminin 50 faizi artıq həll olunub. Verilən məlumatlardan da görünür ki, işğalçı tərəf nə qədər böyük miqyasda canlı itkiyə məruz qalıb, işğalçı ermənilərin nə qədər çoxsaylı hərbi texnika, hərbi mövqeləri, istehkamları darmadağın edilib. İşğal olunmuş ərazilərimizdən sonuncu erməni çıxarılana qədər biz əks-hücumu davam etdirməliyik. Mən İlham Əliyevin Rusiya telekanalına müsahibəsindən də gördüm ki, Azərbaycan prezidentinin bu barədə çox qətiyyətli, birmənalı mövqeyi var. Müsahibənin verdiyi ən böyük açıq mesaj budur. İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu Qarabağı azad edəcək və bununla da İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq”.
S.Cəlaloğlu vurğuladı ki, İlham Əliyevin müsahibədə də qətiyyətli mövqe ortaya qoyması xalqının iradəsinə, beynəlxalq hüquqa əsaslanmasından irəli gəlir: “Azərbaycan xalqı bir yumruq kimi birləşib və bütün xalq işğaldakı torpaqlarımızın azad olunması üçün Vətən müharibəsinə hazır olduğunu ortaya qoyub. Prezident İlham Əliyev demokratiyanın, konstitusiyanın tələb etdiyi kimi davranır. Prezident Azərbaycan xalqının iradəsini ifadə edir. Bu da bir demokratiyadır. Demokratiya budur - xalqın iradəsinə hörmət eləmək. İlham Əliyev də bunu edir. Prezidentin mövqeyini, qətiyyətini gücləndirən amillərdən ən ciddisi budur. Xalqı İlham Əliyevə deyir ki, Qarabağı azad et, o da xalqı ilə birlikdə Qarabağı azad edir və bunu Rusiya telekanalında da, BMT tribunasında da bəyan edir. Bu, demokratik haqdır, bu ədalətli müharibədir, beynəlxalq hüquq da bizim yanımızdadır. Beynəlxalq hüquq tələb edir ki, biz ərazilərimizi işğaldan hərbi yolla azad edək. Bu, Azərbaycanın daxili işidir və kənardan kimsə buna qarışa bilməz”.
Politoloq Qabil Hüseynli isə bildirdi ki, Azərbaycan prezidenti “Rossiya 1" telekanalına müsahibəsində Rusiyada ermənilərin təbliğat maşınının apardığı təşviqatı darmadağın etdi.