Son günlərdə bəzi xarici KİV-də guya ki, Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı tamamilə yalan və iftira dolu qarayaxma kampaniyasının aparıldığını müşahidə edirik. Heç bir fakta əsaslanmayan, uydurma şəxslərlə müsahibələr şəklində yayılan bu iddiaların arxasında Ermənistanın durduğu heç bir şübhə doğurmur.
Bu qarayaxma kampaniyasının məqsədi Ermənistan tərəfindən son zamanlar nümayişkaranə şəkildə həyata keçirilən və beynəlxalq humanitar hüququn kobud pozulması halı olan Yaxın Şərq ölkələrindən terror təşkilatlarının nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinin yaratdığı mənfi beynəlxalq ictimai rəyi kompensasiya etmək cəhdidir.
Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı zamanı hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı faktlar mövcuddur. Hazırda da Ermənistan rəhbərliyi bu siyasəti davam etdirərək, həyata keçirdiyi yeni təcavüz aktı çərçivəsində Azərbaycana qarşı ekstremist ünsürlərdən geniş istifadə edir. Belə ki, Ermənistanın hərbi məqsədlər üçün istifadə ediləcək “könüllü döyüşçü dəstələrin” yaradılması planı, məhz illər ərzində Yaxın Şərq bölgəsindən Ermənistana köçürülmüş terrorçuların “xidmətlərindən” istifadə etmək məqsədi güdür.