Sentyabrın 27-dən etibarən başlayan müharibədən keçən müddət ərzində ölkədə bütün təbəqələr dövlətin, ordunun və Ali Baş Komandanın ətrafında yer alıblar. Burada bir istisnaya rast gəldik ki, bu da iqtidardan “vurulmuş” bəzi keçmiş məmurlarla bağlıdır. Onlar bu günə qədər susqun mövqe sərgiləyirlər, xalqa yönəlik heç bir mesaj vermirlər, ən azından vaxtilə yığdıqları milyonlardan ordumuzun Yardım Fonduna vəsait belə yatırmırlar. Bütün bunlar da haqlı olaraq ictimaiyyət daxilində ciddi etiraz doğurub.
Vaxtilə “at oynadan” məmurlardan sayılan sabiq müdafiə naziri Səfər Əbiyev, keçmiş nəqliyyat naziri Ziya Məmmədov, Prezident Administrasiyasının əvvəlki rəhbəri, hazırda Elmlər Akademiyasının prezidenti olan Ramiz Mehdiyev və digərləri son günlərdə “ qeyb olublar”. Halbuki kresloda əyləşəndə vətən anlayışları dillərindən düşmürdü. Son vətən müharibəsi bir reallığı çılpaqlığı ilə üzə çıxardı ki, bu cür şəxslər üçün vətən, dövlət anlayışları vəzifədən uzaqlaşdırılana qədərdir...
Bu barədə Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı kifayət qədər sərt danışdı: “Əslində siz saydıqlarınızla bərabər başqa keçmiş məmurların da heç birinin səsi çıxmadı. Çox təəssüf ki, onlar zamanında hakimiyyətdə təmsil olunanda ulu öndərimizin şəklinin qarşısında baş əyir, cənab Prezidentin şərəfinə ən müxtəlif epitetlərlə xoş sözlər deyir və Prezidentin qarşısında pioner kimi görkəm alırdılar. İndi bunların heç biri görünmür. Müşahidə etmişəm ki, həmin məmurlar vəzifədən çıxarılandan sonra, pandemiyadan qabaq ulu öndərimizin məzarına ziyarətə belə gəlmirdilər. Heç zaman hakimiyyətdə olduqları dövrdəki davranışlarını təkrar etmirdilər, tamam fərqli bir insan görkəmini almışdılar. Bu günə qədər də bu hal davam edir. İstisnasız olaraq keçmiş məmurların hamısını nə Tovuz istiqamətindəki döyüşlərdə, nə də artıq sentyabrın 27-dən başlayan Vətən müharibəsinin gedişində səsləri çıxmadı.
Bəlli oldu ki, onlar əslində Azərbaycan vətəndaşları deyilmişlər. Dövlətimizin və xalqımızın yanında deyillər. Onlar çox fərqli bir şəkildə özlərini aparırlar. Bununla da ümidvaram ki, Vətən müharibəsi bitəndən sonra Azərbaycan xalqının onlara çox fərqli mənfi münasibəti olacaq, çox ciddi şəkildə qınağa məruz qalacaqlar. Elmlər Akademiyasına gəldikdə isə onların ancaq bir açıqlamasını oxudum ki, Müdafiə Nazirliyinə sürtkü yağı verməyə hazırdırlar. Bunu demirlər, aparıb sürtkü yağını Müdafiə Nazirliyinə təqdim edirlər”.
Deputat Milli Məclisin üzvlərinin təşəbbüsünə də toxundu: “Hazırda millət vəkilləri tərəfindən təklif irəli sürülüb. Mən də o təklifin içərisində yer almışam. Müdafiə Fonduna vəsait köçürülməsini qərara almışıq. Bu vəsait könüllü olaraq, yaxud səfərbərlikdə yer alaraq döyüşlərə atılan igid oğlanlarımızın ailələrinə müavinət kimi verilsin. Dediyim kimi, bunun üçün də Müdafiə Fonduna vəsait keçiriləcək. Biz artıq bu kampaniyaya başlamışıq. Müdafiə Fonduna vəsaitimi keçirəcəm. İndi milyonları yığanlar harada qalıblar? Onlar bu gün Azərbaycan dövlətinin hesabına qazanmış olduqları milyonlardan, milyardlardan həmin Müdafiə Fonduna pul ayırmalıdırlar. Əgər ayırmasalar, onlar bu işdə də yardım etməsələr, onların bu vətəndə yaşamağa haqqları yoxdur. Demək, bu vətənin ən çətin günlərində dövlətlə, xalqla bərabər deyillərsə, onlar ermənilərin yanındadırlar. Faktiki bu belə görünür. Bu gün dost-düşmənin aydın olduğu gündür, andır, vəziyyətdir. Əgər bizim vətəndaşlar böyük coşqu, vətənpərvərliklə erməni işğalçılarına qarşı Ali Baş Komandanın rəhbərliyi altında müharibənin içərisindədilərsə, bunlar haradadırlar. Onlar, deməli, erməninin yanındadırlar. Erməninin yanında olanların isə Azərbaycanda yeri yoxdur. Tamamilə əminəm ki, xalqımız onlara lazımi, layiq olduqları yeri göstərəcək”.
ADP sədri Sərdar Cəlaloğlu isə bunları dedi: “Hazırda vaxtilə dövləti çapıb-talayanlardan səs çıxmır. Amma Səfər Əbiyev barədə deyim ki, 2-3 dəfə bəyanat verib, xalqı İlham Əliyevin ətrafında birləşməyə çağırıb. Ramiz Mehdiyev nə üçün danışmalıdır ki? Hər kəs onun ”Beşinci kolon"un üzvü olduğunu deyir. Belə olan təqdirdə nə sözü ola bilər? Ürəklərindən gəlmirsə, nə desinlər? Onların xalqa nəsə açıqlama vermələrinə belə ehtiyac yoxdur. Həm də bilirlər ki, xalqın onların bəyanatlarına heç bir ehtiyacları yoxdur, xalq onları yaxşı tanıyır".“Yeni Müsavat”