“Azərbaycan uzun illərdir, işğal altında olan torpaqlarının azad edilməsi üçün döyüş əməliyyatları həyata keçirir. Bu əməliyyatlar Azərbaycanın öz ərazisində aparılır. Bütün dünya ermənilərin işğal etdiyi torpaqları Azərbaycan əraziləri kimi tanıyır”.
Bunu Pravda.az-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov xatırladıb ki, sentyabrın 27-də səhər saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub: “Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğu üçün Azərbaycan tərəfi hərəkətə keçdi. Azərbaycanın əks-hücum əməliyyatları zamanı düşmənə böyük miqyasda ziyan vurulub. Onlar həm canlı, həm də texnika baxımından itkilərə məruz qalıblar. Ermənilər tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Mülki şəxslərin atəşə tutulması ermənilərin acizliyini göstərir”.
Deputat qeyd edib ki, bəzi dövlətlərin rəhbərlərinin mövqeyi məyusedicidir: “Onlar mövqeyi həm də təxribat xarakterlidir. Yəni həmin siyasətçilərin mövqeyi münaqişənin dinc yolla həllinə deyil, daha da qızışdırılmasına xidmət edir. Fransa prezidenti Emmanuel Makronun ermənipərəstliyi hər kəsə məlumdur. Makronun Dağlıq Qarabağla bağlı son bəyanatı vəziyyəti daha da gərginləşdirir. O, Ermənistana açıq dəstək verir. Makron ya tarixi saxtalaşdırır, ya da bilmir... O bilməlidir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri Fransadır. BMT-nin 1992-ci ildə qəbul etdiyi 4 qətnamədə bütün dünya dövlətləri, o cümlədən Fransa Dağlıq Qarabağı Azərbaycanın əzəli torpaqları kimi tanıyıb. Deməli, Makron öz dövlətinin də qərarına qarşı çıxır. O, Ermənistana dəstək olmaqla növbəti seçkilərə erməni lobbisindən dəstək almağa çalışır. Fransanın prezidenti olaraq dünyaya bəyan edir ki, ölkəsi ədalətlidir, insan hüquq və azadlıqları təmin olunur. Bu, tamamilə yanlışdır. Çünki Fransa tarixən Afrika ölkələrində cinayətkar funksiyasını yerinə yetirib, bu da milyonlarla insanın sonuna gətirib çıxarıb. Fransa istər Vyetnam, istər Cibuti, istər Çad, istər Tunis, istərsə də digər ölkələrdə hökmranlıq edib, hətta həmin ölkələrdə insanları dini inanclarını belə dəyişdirməyə məcbur edib. Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindəndir. Bu dövlət neytral mövqe tutmalı olduğu halda, Ermənistanı dəstəkləyir, bu da qəbuledilməzdir. Belə olan halda Fransa həmsədrlikdən dərhal uzaqlaşdırılmalıdır. O, bu bəyanatı ilə BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrə tüpürərək ayaq altına atıb. Axı bu bəyanatlarda qeyd olunur ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon Azərbaycan torpaqlarıdır, Erməni silahlı birləşmələri oradan qeyd-şərtsiz çıxarılmalıdır... Makronla bağlı məsələdə BMT-də də qaldırılmalıdır”.
C.Osmanov vurğulayıb ki, Azərbaycan ordusu bu müharibədə tam qələbə çalacaq: “Azərbaycan xalqı erməni işğalçılarına qarşı vətən müharibəsi aparır. Bu müharibədə xalqımızın birliyi, ordumuzun qüdrəti, Ali Baş Komandanın qətiyyəti ilə qalib gələcəyik. Heç nə Azərbaycanı haqq işindən çəkindirə bilməz. Azərbaycan ordusu irəliləyir, bütün dəyərlərin üstündən xətt çəkən, yalnız özünü düşünən Makron kimi siyasətçilərin əhəmiyyətsiz bəyanatları ordumuzun qarşısını kəsə bilməyəcək. Torpaqlarımızın azadlığı uğrunda son damla qanımızdək vuraşacağıq, o ərazilərdə ölkəmizin üç rəngli bayrağı dalğalanacaq. Buna tam əminik!”
Kənan