Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova oktyabrın 7-də Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Spiker Sahibə Qafarova Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. Sədr deyib ki, Almaniya Azərbaycanın vacib iqtisadi tərəfdaşlarından biridir. Humanitar, mədəniyyət, təhsil sahəsində münasibətlərin də inkişaf etdiyini söyləyən Sahibə Qafarova 200 il bundan əvvəl Azərbaycanda məskunlaşmış almanların mədəni irsinə dövlətimiz tərəfindən qayğı göstərildiyini bildirib.