Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistanın “Mail.ru” elektron poçt xidmətinin Azərbaycandan olan istifadəçilərinə qarşı kütləvi “fişinq” kampaniyaları həyata keçirdiyini qeydə alıb.
Nazirlikdən Pravda.az-a verilən məlumata görə, Elektron Təhlükəsizlik Xidmətinin apardığı araşdırmalar göstərir ki, bu “fişinq” hücumlarının məqsədi həm dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaq, həm də istifadəçilərin cihazlarını zərərverici ilə yoluxdurmaqdır.
Saxta e-poçtlardan birində guya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüşdə həlak olanların siyahısını açıqladığı bildirilir və həmin faylı yükləmək üçün keçidə daxil olunması istənilir. Həmin faylın içərisində isə zərərverici proqramlar yerləşdirilir və keçidə daxil olub məlumatları yükləyən istifadəçinin cihazı yoluxur. Digər bir e-poçtda cəbhəyanı bölgələrlə bağlı mövcud vəziyyətə uyğun olmayan və reallığı əks etdirməyən saxta məlumatlar yer alır.