2027-ci ilin sonunadək Bakının şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirəcək yeni magistral avtomobil yolunun tikintisi planlaşdırılıb.
Pravda.az-ın məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmış Bakının Baş planının ilkin layihəsində deyilir.
“Hazırda paytaxtın küçə-yol şəbəkəsi əsasən radial-həlqəvi nəqliyyat marşrutları üzrə təşkil edilib. Gələcəkdə həmin nəqliyyat marşrutlarının inkişaf etdirilərək diaqonal marşrutlara çevirməsi ilə məntiqi tamamlandırılması prinsipi də əsas götürülərək paytaxtın yeni nəqliyyat planlaşdırılma sxemi hazırlanıb”, - layihədə deyilir.
Xarici həlqəvi marşrutların tamamlanması məqsədilə “Xarici Dairəvi Yolu-Böyükşor-Ziya Bünyadov” həlqəvi marşrutunun, habelə “Lökbatan-Xocasən-Binəqədi-Böyükşor-Sabunçu” Xarici Həlqəvi Yolunun yaradılması nəzərdə tutulur.
“Zığ-Aeroport” şosesi vasitəsilə şəhərin şərq və şimal-qərb hissələrinin həlqəvi birləşmə marşrutunun tamamlanması məqsədilə “Xırdalan-M1 avtomobil yolu-Digah-Zabrat-Hava Limanı” həlqəvi magistralın yaradılması nəzərdə tutulur.