Cəbhə bölgəsində işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda ordumuzun düşmənlə müharibədə əldə etdiyi şanlı qələbələrin fonunda polis əməkdaşları da arxa cəbhədə həm ölkə ərazisində elan edilən hərbi vəziyyət, həm də ki, gözlə görünməyən düşmən olan koronovirusla mübarizədə yorulmadan xidmətlərini davam etdirirlər.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər mütəmadi olaraq davam etdirilir. Virusa yeni yoluxma hallarına yol verməmək, infeksiya ilə mübarizədə əldə edilən müsbət nəticələrin qorunub-saxlanılması üçün tətbiq olunan karantin rejiminin tələblərinə əməl edilməsi xidmətə cəlb olunan əməkdaşlar tərəfindən daim nəzarətdə saxlanılır. Qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və iaşə obyektlərində polis əməkdaşları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji normalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə tibbi maskadan istifadənin zəruriliyi barədə daim tövsiyələr verilir.