BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yeni Müsavat” qəzeti ilə Ümid Partiyasının rəhbərliyi arasında namizəd QALMAQALI

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun Ümid Partiyasının sədri İqbal Ağazadənin namizədliyini irəli sürdüyü 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa iddia etməsi qalmaqala səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, R.Arifoğlunun bu addımı Ümid Partiyasının əməkdaşları arasında etiraza səbəb olub.

 

Partiya sədrinin müavini Tamilla Qulami R.Arifoğlunun bu addımına üzüldüyünü qeyd edib: “Bilmirəm, bəlkə də mənim üzgünlüyümün sizinçün heç bir anlamı olmayacaq. Olsun. Sadəcə bir çoxlarından dürüst və səmimi olmağı üstün tutdum. Araz Əlizadənin üzərinə gedərək sanki onu məğlub edəcəyinizi bildirməklə dostunuzun dairəsindən namizədliyinizi irəli sürdüyünüzə başqa ad qoymağa çalışırsınız. Hə, indi siz deyə bilərsiniz ki, o dairə İqbal Ağazadənin alnına yazılmayıb. (Hətta statusunuzda bir punkt da açıq qoymusunuz ki, namizədliyinizi ola bilsin ki, geri götürdünüz. Ümumiyyətlə nə ehtiyac vardı ki?) Olsun. Burasını keçək. O dairədə 2015-ci ildə nə baş verdi hamınız gördünüz, amma susdunuz, haqq-ədalət adına mübarizə apardığını iddia edən heç kimsə İqbal Ağazadənin qazandığı mandat haqqını müdafiə etmədi. Yəqin belə məsləhət imiş sizinçün. Bunu da keçək. Bu statusu yazmağa çox ehtiyac duydum, çünki sizə və statusunuzda şərh yazan dostlara xatırlatmaq istəyirəm ki, Araz Əlizadə o dairədən namizəd olmayacaq. O, ötən seçki idi - 2015 ci il - indi isə o dairədən illərlə çörək kəsdiyiniz İqbal Ağazadədir namizəd. Biz bizlərdən öncə siyasətdə olanlardan örnək götürürük. Dəyər bumu? Hər zaman böyüklərimizin bir sözünü dinləmişik, elə sizin dost dediyiniz İqbal Ağazadənin də, bəlkə elə sizin özünüz də bu sözləri müdafiə etmisiniz - "Dəyəri olmayanın millətə xeyri olmaz" deyiblər. Siz dəyərsizmisiniz? Təəssüf edirəm ki, dəyərli bildiyimiz bəziləri də Rauf Arifogluna uğurlar arzulayır bu dairədəki namizədliyi ilə bağlı. Tamam. Arzulasın. Amma bütün gerçəkləri bilə-biləmi? Çoxlarınız üçün bəlkə də bunu yazmağın necə çətin olduğu düşüncəsindəyəm. Siz doğrudanmı dəyərləri ayaqlamaqla millətə xeyir veriləcəyini düşünürsünüz? Axı bu xalqın gözəl örnəklərə ehtiyacı var. Məgər indi Araz Əlizadə var ki, bu dairədə? Hardan namizəd olmadınız indiyə kimi? 28 - ci dairə, 25 - ci dairə, indi isə 35... Niyə? Nə bağlayır sizi bura, nə gətirdi sizi bu dairəyə axı? Bircə Araz deməyin... Çünki o namizəd deyil. Lütfən deməyin! İqbal Ağazadə heç vaxt başqa dairədən namizəd olmayıb. Bunu ən gözəl siz bilirsiniz. Siz İqbal Ağazadəyə alternativ oldunuz. Mənsə sizin qazanacağınız dairədən namizəd olmanızı istərdim, uduzacağınız yox. Gerçəkdən də xalqın seçəcəyi. Sizin namizədlikdən çox-çox əvvəl Arazın namizəd olmayacağını hər kəs bilirdi. Hətta yatdığı xəstəxananın "sanitarka"sı da. İndi Əlizadəni yola saldım demək yerinə Ağazadəyə rəqib oldum demək daha doğru olmazmı? Siz “Yeni Müsavat”da gedən köşə yazılarımın adını qoyan biri idiniz. İndi də sizdən israrla xahiş edirəm. Hər şeyin adını doğru söyləyin, Rauf Arifoğlu! Dəyərin də, dəyərsizliyin də...”.

 

"Yeni Müsavat" qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan T.Qulamiyə cavab verib: “Qəzetin rəhbərliyində olan biri kimi sizə bəzi xatırlatma etməyi özümə borc bilirəm. Ola bilsin, həyacandan, ya başqa hansısa səbəbdən sizdə bəzi unutqanlıqlar baş verir. 2015-ci ildə İqbal Ağazadənin seçki kampaniyasına media qrupumuz çox ciddi dəstək verib. Həm də təkcə İqbal bəyə yox. Elə sizin özünüzə də. Mənə yolladığınız yarımfabrikat yazılarınızın normal və anlaşılan məqalə halına salınıb, saytda və qəzetdə çapını unutmusuz? Tərtərdə keçirdiyiniz görüşləri yolladığınız fotoların müşayiətilə xəbərə çevirib, yaydığımızı da yaddan çıxarmısız? İqbal Ağazadənin ideyası ilə yaradılan "125-lər" siyasi klubunun bütün üzvlərinə "Yeni Müsavat" qəzeti 2015-ci ilin parlament seçkilərində tam və birmənalı dəstək verib. Və ən əsası, təmannasız! "125-lər"dən ən çox dəstək verdiyimiz bəlkə də siz olmusunuz. 2015-ci ildə İqbal bəy seçki kampaniyası dövründə Rauf bəydən nə xahiş edib, yüksək səviyyədə icra olunub. Araz Əlizadənin seçki qərargahından, imza toplama kampaniyasından reportajlar hazırlamışıq. Onun necə saxta yolla deputat olduğunu sizdən daha çox "Yeni Müsavat" ifşa edib. Bəlkə də İqbal bəydən çox İqbal bəy üçün çalışdıq 2015-də. Daha nə edəydik? Arazın cibindən mandatı zorla çıxarıb, İqbal bəyin pencəyinin döş cibinə qoyardıq? Ağdaşdan namizədliyini verəndə də dəstək olduq sədrinizə. Müxbir və fotoqraf ayırırdıq hər dəfə Ağdaşa görüşlərə gedəndə. Seçki günü də müxbirlərimiz sizinlə birlikdə seçki məntəqələrində idi. Bütün bunlara rəğmən, siz bu qəzet, Rauf Arifoğlu haqda elə şeylər yazmısız... Keçmiş olsun. Keçmiş demiş... Yaxın keçmişdə sizə olunan yaxşılığı pislik kimi geri qaytarmağa həvəslənməyin”.

 

Tamilla Qulami: “Azər bəy, son cümlənizi təhdid kimi görümmü, yox, görməyim. Əslində bu şərh yazmısınız a, onların hamısında cavab var. Bax, o yazdıqlarınıza görə bu gün üzgün olaraq bu statusu yazdım. Mən Rauf bəyi başqa dairədən millət vəkili kimi görmək istəyimi nümayiş etdirmişəm, daha düşmən mövqeyinizi qazanmaq üçün deyil. Fərqindəsinizmi? Rauf Arifoğlu haqda arxada gizlin, saklı bir şey yazmamışam, özünü də “etiket”ləyib yazmışam. Amma bu son cümlədəki təhdidə bənzər ifadənizi emosionallığınıza bağladım...”

 

Azər Ayxan: “Bu həyatda təhdid edəcəyim ən sonuncu adamsınız bəlkə də. Rahat olun, təhdid falan yoxdu. Son cümləmi abi nəsihəti kimi qəbul etsəniz, daha uyğun olardı. Yəni, yaxşılığa yamanlıq etməyin demək istəmişəm. Bir nəsihətim də var: namizədliyini irəli sürən bir adama "siz bu dairədən yox, başqa dairədən namizəd olmalıydız" demək, yazmaq, demokratiyanın və qanunların ziddinədi”.

 

 

 

 

Tarix: 23 Dekabr 2019, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin