Sabiq deputat Çingiz Əsədullayevə məxsus “Azəriqazbank”a (AGbank) saxta qızıllar qoymaqla yarım milyondan çox kredit götürməkdə ittiham olunan Eldar Səmimi bəraət alıb.
Pravda.az-ın xəbərinə görə, E.Səmimi “Azəriqanbank”a qızıl-zinət əşyalarını girov qoyub kredit götürərək lombard açıb. Lakin bir müddət sonra işləri yaxşı getmədiyi üçün krediti ödəyə bilməyib. Bundan sonra bankın rəhbərliyi dəyişən zaman həmin qızılların satılaraq borcun ödənilməsinə yönəltmək istəyiblər, bu zaman qızılların bir çoxunun saxta olduğu üzə çıxıb. Müəyyən edilib ki, Eldar Səmiminin banka girov olaraq qoyduğu 2 ədəd xəritə tablosu, xəncər, qılınc və portret qızıldan deyilmiş, sadəcə üz hissəsi qızıl olub. Eldar Səmimi isə həmin əşyaların saxta olduğunu bilmədiyini deyərək özünü təqsirli bilməyib.
Yarım milyon manata yaxın kredit götürən Eldar Səmimi borcunu ödəyə bilməyib. Faizlərlə birlikdə onun borcu 700 min manatı ötüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı zamanı onun vəkili Vasif İsrafilovun vəsatəti ilə yenidən ekspertiza keçirilib. Ekspertin rəyinə görə, Eldar Səmiminin banka olan borcunun 630 min manat yox, 359 min 756 manat olması ilə bağlı rəy verilib. Bundan başqa ekspertiza rəyində yazılıb ki, əşyaların saxlanılmasında məsul şəxslər bankın işçiləridir. Yəni, banka qoyulan əşyaların sonradan dəyişdirilməsi, saxtalaşdırılmasında Eldar Səmiminin günahı yoxdur.