Azərbaycan Respublikası Prezidentinin ölkədə maliyyə inklüzivliyinin artırılması, o cümlədən ən qabaqcıl beynəlxalq təcrübəni öyrənərək ölkəyə gətirilməsi, rəqəmsal transformasiya tədbirlərinin sürətləndirilməsi, elektron maliyyə-bank xidmətlərinin genişləndirilməsi və bu xidmətlərin əhali üçün daha əlçatan edilməsi ilə bağlı verdiyi tapşırıqlardan irəli gələrək Mərkəzi Bank tərəfindən bir sıra strateji layihələr və ardıcıl işlər həyata keçirilməkdədir.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, qeyd olunanları, habelə ölkə başçısının 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan irəli gələn prioritet hədəfləri nəzərə alaraq, Mərkəzi Bank tərəfindən İBM şirkəti ilə birgə Rəqəmsal İdentifikasiya Sistemi (RİS) yaradılmışdır. Qeyd edilən layihə çərçivəsində ölkədə ilk dəfə Hyperledger Fabric blokçeyn platforması tətbiq edilmiş və məlumatların həmin paylanılmış reyestr texnologiyasına əsaslanan verilənlər bazasında tam məxfiliyi qorunmaqla saxlanılması təmin edilmişdir. Eyni zamanda, təklif olunan elektron bank xidmətlərinin əhatə dairəsinin artırılması, “müştəri-bank” münasibatlərinin daha müasir müstəvidə qurulması, həmin xidmətləri ən son texnoloji həllər üzərində yaradaraq keyfiyyətcə yeni mərhələyə qaldırılması və bununla da müştəri məmnunluğunun yüksəldilməsi əsas hədəflərdən biri olmuşdur.