BURADA REKLAMINIZ OLA
BİLƏR

“Payız aylarında koronavirusun artması ehtimalı çox yüksəkdir” – Deputat

“Azərbaycanda xüsusən avqust-sentyabr aylarında koronavirusa yoluxmaların ciddi şəkildə azalması insanlarda arxayınlıq yaratdı. Son iki həftədə cəbhədə uğurlu hərbi əməliyyatlar insanlarda ruh yüksəkliyini artırıb, nəticədə COVID-19-a qarşı sayıqlığımız azalıb. Biz bunu öncədən proqnozlaşdırmışdıq. Vətəndaşlarımıza KİV vasitəsilə mütəmadi deyirdik ki, payız aylarında koronavirusun artması ehtimalı çox yüksəkdir”.

 

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

 

Deputat qeyd edib ki, təkcə Azərbaycanda yox, bütün dünyada iqlim dəyişməsi, havaların tədricən soyuması, eyni zamanda immunitetin payız-qış aylarında aşağı düşməsi insanlarda virus təhlükəsinə qarşı tədbir görmək zərurəti yaradır:

 

“Artıq Azərbaycanın Qusar, Şəki və Sabirabad zonalarında yoluxma hallarında ciddi artımın olması bizi bir daha ayıq-sayıq olmağa sövq edir. Hesab edirəm ki, koronavirusla mübarizədə fərdi məsuliyyət önə keçməlidir. Aprel-may aylarında biz kollektiv məsuliyyətdən daha çox danışırdıqsa, indi fərdi məsuliyyət qabağa keçməlidir. Çünki artıq hər kəsin virus nədir, özünü necə aparır, digər simptomları və virusdan qorunma yollarının nədən ibarət olması barədə kifayət qədər məlumatı var”.

 

Musa Quliyev hər kəsi xüsusi karantin rejiminin qaydalarına riayət etməyə, maska taxmağa və şəxsi gigiyenanı gözləməyə çağırıb: “Dünyada yayılmış qorunma vasitələrindən vətəndaşlarımız da istifadə etməlidir. İnsanların toplaşdığı qapalı məkanlarda mütləq maska ilə hərəkət etməliyik. Ümumiyyətlə, çalışmalıyıq ki, toplantılar olmasın.

 

Dezinfeksiyaedici məhlullardan daim istifadə olunmalıdır. Bir sözlə, virusa, o cümlədən digər qrip viruslarına qarşı imkan daxilində immunizasiya aparmaq lazımdır. İmmuniteti gücləndirən dərman vasitələrindən istifadə vacibdir. Havaya uyğun geyinməyi də unutmaq olmaz.

 

Nəzərə almaq lazımdır ki, virusun müalicəsi üçün spesifik dərman hələ ortada yoxdur. Vaksin geniş yayılmayıb, tətbiq olunmur. Ancaq bəlli vasitələrlə özümüzü qorumalıyıq. Təbliğat və maarifləndirmə işləri də daim gündəmdə olmalıdır”.Teleqraf

Tarix: 14 Oktyabr 2020, 17:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin