Cəlilabad rayon Muğan kənd sakini Filatova Zərqələm Ağasala qızı 2007-ci ildən bəri əkib-becərdiyi 20 sot torpaq sahəsinin onun əlindən alındığını bildirir. Hazırda qarşı tərəflə məhkəmə çəkişməsi davam edən qadın, aidiyyatı qurumlardan kömək istəyib: “Mən Filatova Zərqələm Ağasala qızı 1956-cı ildə anadan olmuşam. Dörd oğul anasıyam və onlardan ikisi əlildi. 2007-ci ildə Muğan bələdiyyəsinə müraciət etdikdən sonra keçmiş bələdiyyə sədri Hakim Əhmədov mənə 20 sot torpaq sahəsi verdi. Həmin ildən bəri torpaq sahəsini əkib-becərərək ailəmi dolandırmağa çalışıram. Bu illər ərzində çox çalışsam da maddi imkanım olmadığı üçün həmin ərazidə oğluma ev tikə bilmədim və indi də ailəsiylə kəndin uşaq bağçasında yaşayır. Torpaq sahəsi oğlanlarım Rəşad və Ruslanın adına sənədləşdirilib”.
“H.Əmədovdan sonra kəndimizə bələdiyyə sədri təyin olunan Rasif Həsənov vəzifəsindən çıxmamışdan öncə mənə dedi ki, torpağını sənədləşdirmək üçün pul ver, yoxsa başqasına satacam. Mən də dedim ki, maddi imkanım yoxdur, həyat yoldaşım paralic keçirib. Özüm keçirdiyim avtomobil qəzasına görə hələ də səhhətimdəki problemlərdən əziyyət çəkirəm. Elə oldu ki, R.Həsənov bələdiyyə seçkilərində sədr vəzifəsindən çıxdıqdan sonra başıma olmazın oyunları gəldi. Rayonun Maşlıq kənd sakini Feyzullayev Ceyhun Fətəli oğlu torpaq sahəmə gələrək dedi ki, bura mənim ərazimdir, sahəmdən çıx. Mən də dedim ki, 2007-ci ildən buranı mən əkib-becərirəm, əlimdə sənədim var, necə ola bilər ki, bura sənin olar? Elə oldu ki, C.Feyzullayev məni Cəlilabad rayon Məhkəsinə verdi və hazırda çəkişməmiz davam edir”.