“Azərbaycanda koronavirusa yoluxma statistikasındakı artım çox böyük artımdır. Hələ bu rəqəmlər daha da artacaq. Çünki insanları bir araya gətirəcək çətin günlər yaşayırıq. Bir araya gələn zaman isə COVID-i düşünmürük. Ehtimal edirik ki, qış aylarında virusla bağlı artım yayda yaşadığımız pik həddən daha yüksək olacaq”.
Pravda.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. O qeyd edib ki, Azərbaycan koronavirusa qarşı ən birinci tədbir görən ölkələrin sırasında idi. Mart ayının əvvəlindən etibarən məktəblər bağlandı. Bu ictimai səhiyyə tədbirləri nəticəsində virusa yoluxma sayı azaldı. Lakin payız girəndən bəri son iki həftədir sürətli artım başlayıb və 2 gündür bu rəqəmlər daha da artıb:
“Bunun çox səbəbi ola bilər. Qış aylarında COVID və digər respirator viruslar daha çox artır. Havalar soyuduqca insanlar daha çox qapalı məkanlarda olurlar. Digər səbəb isə insanlarda bir pandemik yorğunluğun omasıdır. Çünki fevral ayından bəri insanlara özlərini qorumaları ilə bağlı tövsiyələr edirik. Buna desensitisizasiya - həssaslığın azalması deyilir. Təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. İnsanlara bu çətin günlərdə belə mesajları vermək çətindir, amma diqqət etmək lazımdır. Həm özümüz, həm sevdiklərimiz üçün, həm də xəsrtəliyin daha da yayılmaması üçün”.
ÜST nümayəndəsi həmçinin deyib ki, Avropada da yoluxma sayı artır. Artıq Fransanın Paris də daxil olmaqla, bəzi şəhərlərində saat 21:00-06:00 arası küçəyə çıxma qadağası tətbiq edilir. O qeyd edib ki, insanların bir araya gəlməsinin artıma səbəb olmasına görə bu məhdudiyyətlərə gedilib: “Bəzi insanlar hesab edirlər ki, COVID yoxdur, bunlar konspirasiyadır. Bir qrup insan da var ki, hesab edir ki, onlar yoluxmazlar. Hər kəs istəyir ki, COVID yox olsun, amma mən xəstələnməyim. Başqaları xəstələnsin və virus bitsin. Amma belə bir şey mümkün deyil. Əgər virus təsir edəcəksə, hamımıza təsir edəcək. Belə virus var və insanları öldürür - bunu qəbul edə bilsək, həyatımızı normal şəkildə davam etdirə bilərik”, - deyə H. Harmancı deyib.