Azərbaycanda koronavirusa yoluxma sayının pik həddə çatması ciddi narahat olmağa zəmin yaradır. Hazırda ölkəmizdə həm yoluxma sayı yüksəlib, həm də cəbhə bölgəsində şiddətli döyüşlər gedir. Bu məqamda xəstəxanalarda COVID-19-a yoluxanların sayının yenidən artması yolverilməzdir. Bəs görəsən, pandemiya ilə bağlı daha sərt addımlar atılacaqmı? Bu barədə “Yeni Müsavat”a danışan deputat Musa Quliyev bildirib ki, hazırda olduqca təhlükəli vəziyyət yaranıb: “Yoluxma sayının belə artmasının ciddi fəsadları ola bilər. Nəzərə alsaq ki, noyabr-dekabr aylarında havalar soyuyacaqdır, bunun həm iqtisadi, həm tibbi, həm də sosial fəsadları qaçılmazdır. Ona görə də dövlət tərəfindən lazımi tədbirlər görülür. Xəstəlik aşkar olunan şəxslərin müalicəsi, profilaktik nəzarəti təmin olunur. Lazımi klinikalarda şərait var, modul tipli klinikalar da açılıb. Bizim 7-8 minə yaxın ehtiyat yerimiz var. Bakı metrosunun müvəqqəti bağlanması, təhsil müəssisələrinin iki həftəlik tətilə çıxması, iş rejiminin yüngülləşdirilməsi, insanların müəyyən qrafiklərdə işə çıxması hökumətin gördüyü tədbirlərdir. Eyni zamanda insanların məsuliyyət hissinin azalması bizi daha çox narahat etməlidir. Müşahidələr göstərir ki, aprel, may, iyun, iyul aylarında insanlarda məsuliyyət daha çox idi, həm bir-birini, həm də özünü qoruma vərdişləri kifayət qədər yüksək idi. Avqust-sentyabr ayında azalma başlayan kimi elə düşündülər ki, daha koronavirus ölkədə bitdi. Mən hesab edirəm ki, həm kütləvi informasiya vasitələrində, həm də televiziyalarda maarifləndirmə işləri aparılmalıdır. Polislərin iştirakı ilə qapalı məkanlarda yenə də reydlər keçirilməlidir.
Qapalı müəssisələrdə maska rejiminin qorunması ilə bağlı, avtobuslarda sıxlığın azaldılması ilə əlaqədar tədbirlər görülməlidir. Eyni zamanda cərimə sanksiyaları da real şəkildə işləməlidir. Düzdür, indi müharibə dövrüdür, insanlarımızın müəyyən hissəsinin əhval-ruhiyyəsi orduya köklənib. Amma bu bizə əsas vermir ki, arxa cəbhədə düşmən olan koronavirusla mübarizəni də zəiflədək. Gərəkərsə, qeyri-hökumət təşkilatlarına, partiya fəallarına da çağırış etmək lazımdır ki, onlar da ”drujina"lar təşkil etsinlər. Bizim kifayət qədər ciddi ehtiyatlarımız var, amma heç bir ehtiyat sonsuz deyil. Əgər bu şəkildə davam edərsə, 700-ün üzərində olan yoluxma bir neçə gün də davam edərsə, sonradan ciddi çətinliklərlə rastlaşa bilərik. Nəzərə alaq ki, tibb personalımızın böyük əksəriyyəti cəbhədə olan yaralılarımza kömək etməklə bağlı ciddi şəkildə məşğuldur. Ona görə də hesab edirəm ki, bütün KİV-lərdə, TV-lərdə həyəcan təbili çalmağın vaxtıdır".