"Bu günlər doğmaları ön cəbhədə olan bəzi ailələrin problemləri barədə çoxlu sayda məktublar alıram. İmkanım çərçivəsində tanışlar vasitəsi ilə yardımçı olmaq istəyirəm. Buna görə ağız açıb xahiş etdiklərim bir çox insanlar var. Bəzilərinin davranışını heç cür qəbul edə bilmirəm".
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
"Bu gün hələ bəzi adamlar kömək etməklə, sədəqə verməyi dəyişik salırlar və hələ də başa düşmürlər ki, ön cəbhədə olanların ailələri heç vaxt sədəqə qəbul etməzlər. Əgər elə olsaydı onların ailə başçıları da bəziləri kimi min bir fırıldaqla evdə arvadlarının yanında oturub baş girləyər və ağızdolusu cəbhə xəttindəki qələbələrimizdən danışıb, orada vuruşanların şəninə sağlıq deyərdilər. Onlar məhz qürurlu, mərd olduqlarına görə də ön cəbhədədirlər. Qürurlu, mərd insanın ailəsi isə heç vaxt sədəqə qəbul etməz. Ona görə də “mənə filankəs deyib sənə 300-500 manat verim, al götür”, “niyə haray-həşir salıbsınız, deyin görək nəyə ehtiyacınız var?” deyənlər, yaxud yüz manatlıq bazarlıq edib, reklamına 500 manatlıq xərc çəkənlər bilsinlər ki, bu çox ayıb haldır. Bununla onlar qarşılarındakını yox, özlərini alçaltmış olurlar. Belə hallarda hər iki tərəfdən yalana, sui-istifadəyə yol vermək isə ən böyük alçaqlıqdır" - A.İsmayılov qeyd edib.
Aslan İsmayılov: “Niyə haray-həşir salıbsınız, deyin görək nəyə ehtiyacınız var?” deyənlər…