Cəbrayıl: Bəlkə də, bir zamanlar bu yurdları bir-birindən ayırmaq olardı, indi isə onlar yalnızca üstündə adları yazılmış mavi lövhələrlə fərqlənirlər
…Bir neçə dəqiqədən sonra tamam fərqli məkana daxil oluruq: parça-parça olmuş asfalt, yöndəmsiz hala düşmüş yol, dağıdılmış bir və ikimərtəbəli boz evlər, dizdən yuxarı qalxan saralmış otluqlar… Evlər var ki, yerlə yeksan olub, otların altında qalıb. Bəlkə də, yaz aylarında bu mənzərə yaşıllıqlar içərisində başqa cür görünür. Amma bütün hallarda 28 ildir insanların tərk edilməyə məcbur olduqları məskəndə bütün canlı aləm tək kollardan və uçuq evlərin divarlarını dəlib boy atan ağaclardan ibarətdir. 1993-cü ilin 23 avqustunadək burada həyat vardı, insanlar yaşayırdı, təsərrüfatla məşğul olurdu, uşaqlar həyətdə oynayırdı. 28 il əvvəl həyətlərdəki uşaq səslərini avtomat şaqqıltısı, top gurultusu və asfaltı əzib yararsız hala salan hərbi maşınların uğultusu əvəz etdi. Bundan sonra ətrafa dərin sükut çökdü, çünki o gündən sonra burada kimsə yaşamadı. Cəbrayıllılar doğma yurdlarından didərgin salındılar, Azərbaycanın 58 rayonunda 2000-ə yaxın məntəqədə məskunlaşdılar.
2016-cı ilin aprelində işğaldan azad olunmuş Lələtəpə yüksəkliyi istiqamətindən Cəbrayıl rayonuna doğru irəliləyirik. Cəbrayılın yalnız bir kəndi – Cocuq Mərcanlı 1994-cü ildə azad edilib, Lələtəpə strateji yüksəkliyi də geri qaytarıldıqdan sonra kənddə yaşayış bərpa olunub.
Amma bu il sentyabrın 27-dən bəri Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl şəhəri də daxil olmaqla, rayonun əksər kəndləri Ermənistan Silahlı Qüvvələrindən təmizlənib.
İlk qarşımıza çıxan Şəybəy Quycaq kəndidir. Bu kənd yuxarıda təsvir etdiyim reallığın ilk nümunəsidir. Yəni, burada onilliklərlə həyat olmayıb. Avtobusumuz yöndəmsiz yolla irəlilədikcə işğaldan azad olunmuş kəndlərin yerləşdiyi istiqamətləri göstərən lövhələr arxada qalır: Böyük Mərcanlı, Mehdili, Əmrivarlı, Aşağı Maralyan, Yuxarı Maralyan, Karxulu, Soltanlı, Göyərçinveysəlli…
Bəlkə də, bir zamanlar bu yurdları bir-birindən ayırmaq olardı, indi isə onlar yalnızca üstündə adları yazılmış mavi lövhələrlə fərqlənirlər. Bütün kəndlər bir-birinin eynidir: uçuq evlər, təsərrüfatlar, köhnə divarlar arasından boylanan ağac budaqları, ilin fəslinə uyğun saralmış otlar. Qəbristanlıqlar da dağılıb, baş daşlarının əksəriyyəti sındırılıb, aşırılıb. Salamat qalanlar ot-ələf içərisində itib-batıb. Ərazidə xidmət aparan hərbçilər “marşrut”dan çıxmağa, dağıntılara yaxın getməyə icazə vermirlər: minaların, digər partlayıcı sursatların olması təhlükəsi var, əvvəl ərazilər təmizlənməlidir. Ona görə, hələ ki kənardan müşahidə aparırıq.
Cəbrayılda evlərin 90 faizi dağıdılmış olsa da, bəzən yeni tikiliyə rast gəlmək mümkündür. Bunlarda isə azərbaycanlıların yaşamadığı dəqiqdir. Elə sahələr var ki, becərilib, üzüm tənəkləri əkilib. Adda-budda sahələrin suvarılması üçün qurğular, hətta fermer təsərrüfatları gözə dəyir. Hərdən işğaldan öncə salınmış üzümlüklərə rast gəlinir, amma anlaşılır ki, bunlara son dəfə azı 28 il əvvəl qulluq göstərilib. Ümumilikdə isə kəndlərdə yaşayış yox dərəcəsində olub. Yeganə istisnalar bu dediyim tikili və təsərrüfatlar, bir də hərbçilər üçün qərargah, kazarma və şəhərcikdir.
İşğaldan öncə Cəbrayılda 35 uşaq bağçası, 65 orta məktəb, 1 texniki peşə məktəbi, 73 xəstəxana və digər tibb müəssisəsi, 63 mədəniyyət obyekti fəaliyyət göstərib. İndi onların heç birindən əsər-əlamət qalmayıb.
Ancaq… Cəbrayıla həyat qayıdır! Mülki geyimdə insanlar və nəqliyyat vasitələri görünür. Onlar işıq dirəkləri basdırırlar. Bir qədər qabaqda mobil şəbəkə avadanlığı quraşdıran ustalara da rast gəlirik. Onlar bu yerlərə gəlib çıxmış jurnalistə təəccüblə baxırlar.
Qubadlı: Cəbrayıldan fərqli olaraq, ermənilər Qubadlını fəal məskunlaşdırırdılar
Cəbrayılın kəndlərini birləşdirən magistralın sonunda yol ikiyə bölünür: sola döngə Zəngilana, düzünə yol Qubadlıya aparır. Biz öncədən cızılmış marşrutla Qubadlıya gedirik.