“Reuters” agentliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yayıb.
Pravda.az xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı öz doğma yurdlarından qovularaq köçkün vəziyyətinə düşmüş, ölkənin müxtəlif rayonlarında məskunlaşmağa məcbur olan azərbaycanlıların son günlərdə Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində bir sıra ərazilərin işğaldan azad edilməsi barədə fikirləri və təəssüratları yer alıb.
Bakıdakı məcbur köçkünlərin yaşadıqları qəsəbənin 80 yaşlı sakini Həsən Əhmədov Azərbaycan qoşunlarının Dağlıq Qarabağda apardığı uğurlu əməliyyatlar nəticəsində Cəbrayıl şəhərini azad etməsi barədə xəbəri sevinclə qarşıladığını və onun sonuncu arzusu olan - 25 ildən çoxdur işğal altında olan ata-baba torpağına qayıtmaq arzusuna bir addım qaldığını bildirir.
“Ərazilərin minalardan təmizləməsini və öz ata-baba yurdumuza yenidən qayıtmaq üçün orada aparılacaq bərpa və abadlıq işlərini səbirsizliklə gözləyirik. O torpaqlarda atalarımızın və babalarımızın məzarları var”, – deyə o bildirir.
Məqalədə Dağlıq Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın ərazisi olduğu faktı da vurğulanır. Diqqətə çatdırılır ki, artıq 1 aydır davam edən müharibə nəticəsində Azərbaycan Ordusu qələbələr qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin bir hissəsini azad edib. İki dövlət arasında indiyədək üç atəşkəs razılaşması əldə olunsa da, bu razılaşmaların qısa müddət ərzində pozulduğu bildirilir.
Yazıda Bakı sakinlərinin Azərbaycanın 1990-cı illərdə itirdiyi bir çox ərazilərin bir hissəsini geri qaytardığını dedikləri vurğulanır. Şəhər ətrafındakı reklam lövhələrində və vitrinlərdə olan plakatlarda birmənalı şəkildə “Qarabağ Azərbaycandır!, Qarabağ bizimdir!” şüarları yer almaqadadır.