Daha əvvəl xəbər verdiyimiz kimi, 17 oktyabrda Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə raket hücumu nəticəsində Rusiya vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç ağır yaralanmışdı. Sonradan gənc aldığı xəsarətlərdən dünyasını dəyişdi.
Mərhum Arturun anası - Stavropol sakini Anna Mehrabyan oğlunun cəsədinin Yessentukiyə aparılmasında israr edir.
“Arturun atası dünyasını dəyişəndə beş aylıq hamilə idim. Uşaq Gəncədə - Azərbaycanda nənə və babasının, digər qohumlarının olduğunu bilirdi. Uşağı özüm böyüdüb tərbiyə etdim. Qohumlar Azərbaycandan gəldilər və bizdə qonaq oldular”, - deyə Anna Mehrabyan bildirib.
Bir dəfə Artur tətil üçün Azərbaycana getmək istədiyini deyib. Atasının yaşadığı şəhəri görmək və qəbiristanlıqda onun məzarına baş çəkmək istəyib. Anna Mehrabyan, oğlunu onun arxasınca gələn nənəsi ilə birlikdə Gəncəyə göndərib.
"Mənə dedi ki, "Ana, Azərbaycanda xoşuma gəlsə, orada qalacağam”. Cavabında ondan soruşdum: "Bəs mən?". Artur Gəncədə daha yaxşı olacağını, atasının olduğu yerlərdə olmaq istədiyini söylədi ”, - deyə qadın xatırlayıb.