Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-dən davam edən hərbi təxribatlarına qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvəffəqiyyətlə apardığı əks-hücum əməliyyatları nəticəsində bir neçə rayon, eləcə də strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr idarəsindən verilən xəbərə görə, aidiyyəti dövlət orqanlarının həyata keçirdiyi dövlət sirrinin mühafizəsi tədbirlərinə zidd olaraq və müvafiq xəbərdarlıqlara baxmayaraq, döyüş əməliyyatları aparılan ərazilərdə bir sıra şəxslər tərəfindən mobil telefon aparatlarının texniki imkanlarından istifadə etməklə icazəsiz videoçəkilişlər edilib, Azərbaycan qoşunlarının strateji və əməliyyat planları, dislokasiyası və yerdəyişmələri, şəxsi heyəti, silah və hərbi texnikaları, digər döyüş təminatı, əməliyyat şəraiti barədə məlumatları əldə etməyə imkan verən müxtəlif videomateriallar yayılıb.