Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

“Siz bir düşünə bilərsiniz, göydən mərmi yağır, amma pambıqçılar sahədədilər...” – Aqil Abbas

1 601
Paylaş:
“Siz bir düşünə  bilərsiniz, göydən mərmi  yağır, amma pambıqçılar sahədədilər...” –     Aqil Abbas

İçi biz qarışıq hamı  müharibədən, döyüşlərdən  yazır.  Arxa cəbhəni  unuduruq. Arxa cəbhə olmasa, yəni arxa cəbhə ön cəbhəyə xidmət eləməsə ordumuz belə zəfərlər qazana bilməz.

II Dünya müharibəsi zamanı belə bir şüar vardı: «HƏR ŞEY CƏBHƏ  ÜÇÜN, HƏR ŞEY VƏTƏN ÜÇÜN!» . İndi bu gün də bu, bütün  Azərbaycanın  şüarına  çevrilmişdi: «HƏR ŞEY CƏBHƏ  ÜÇÜN, HƏR ŞEY VƏTƏN ÜÇÜN!»

«Dolu» da belə bir yer var, Katib deyir ki, burda  şəhərlərini qoruyan  camaat var, özü də güllə  altında yaşayırlar.

İndi  güllə  yox  ey, bomba, raket  altında yaşayan  və «Hər  şey cəbhə  üçün!» deyib çalışan  camaatımızdan yazmaq istəyirəm.

Ağcabədi rayonu. Hər gün  rayonun Qiyamadınlı, Arazbar, Minaxorlu,  Bayat, İmamqulubəyli, Qaraxanlı  və Hacılar  kəndləri  minaatanlarla, ağır artileriyalarla, raketlərlə  atəşə tutulur.

Hacılar mənim doğulduğum kənddi. İndiyədək bu kəndə üç yüzmü, beş   yüzmü  mərmi düşüb. Hətta qəbiristanlığı da vurublar. Kənddə qırxa yaxın ev dağılıb. Çoxu da lap yararsız hala düşüb. Elə doğulduğum Ocağa da, pirlərimizə  də (Seyid Heydər Ağanın və Seyid Məhəmməd Ağanın, Seyid Məhəmməd Ağanın piri də  çox ciddi  xəsarət alıb) mərmilər düşüb. Şükürlər  olsun ki, ölüb-itən, yaralanan yoxdu. Camaat  deyir ki, bizi  əsgərlərimiz və bir də seyidlərin  cəddi qoruyur.

Seyidlərin  cəddi  cənabi Peyğəmbər xatirinə Allah  bütün  əsgərlərimizi qorusun!

Və bu kəndlərin camaatı  heç nədən çəkinmədən ön cəbhə  üçün çalışırlar.

Pambıq, bilməyənlər üçün deyirəm, strateji bitkidir. Təkcə hərbdə əlli məqsəd üçün  istifadə olunur. Birini deyim  qırx doqquzu  qalsın: barıt da pambıqdan hazırlanır.

Və bu  atəşin altında  çalışan  qeyrətli əməkçilərimiz  bu günə qədər 28 min tona  yaxın  pambıq yığıb dövlətə  təhvil veriblər.  Elə sahələr var ki, hətta 65 sentner  məhsul götürülüb. ANAMA da  sağ olsun ki, pambıq sahələrinə  düşüb  partlamayan mərmiləri  zərərsizləşdirir ki, insanlar zərər  görməsin.  Siz bir düşünə  bilərsiniz, göydən mərmi  yağır, amma pambıqçılar sahədədilər, pambıqyığan  maşınlar  sahədədi.  Artıq  onlar  qorxu  hissini  çoxdan unudublar.

Eləcə də qarğıdalı, silos, çuğundur artıq  yığılıb  dövlətə təhvil verilib. Min tonlarla taxıl istehsal olunub.  HƏR ŞEY CƏBHƏ ÜÇÜN!

Eləcə də həm Bərdə  şəhəri, həm də kəndləri atəş  altındadı. Nə qədər  dinc əhali şəhid olur, nə qədəri  yaralanır. Amma buna baxmayaraq, «HƏR ŞEY CƏBHƏ ÜÇÜN» Bərdə  camaatının  əsas şüarına  çevrilib.  Bu günədək  bərdəlilər 26 min ton (hər hektardan  35 sentner)  pambıq  yığıblar. Hər gün zavodlara 1000-1200 ton pambıq göndərilir. Silos, qarğıdalı, taxıl yığımı çoxdan  başa çatıb, hazırda tərəvəz yığımı  davam edir.  Hazırda atəşin altında payızlıq  taxıl  əkini  aparılır. Torpaq şumlanır, arata qoyulur.

Həm ağcabədililərin  və bərdəlilərin  oğulları ön cəbhədə  vuruşur , həm də ataları arxa cəbhədə  onlar üçün və bütün  əsgərlərimiz üçün yorulmadan çalışırlar.

Növbəti dəfə  Tərtər, Füzuli,  Ağdam və Goranboy rayonlarından, bu rayonların igid camaatından yazacam.

Özü də bu yazdıqlarımı havadan  götürməmişəm , özüm canlı  şahidiyəm.  Həmin  arxa cəbhədə çalışan o kənd əməkçiləri ilə söhbət eləməyin, çay içməyin (bəzən  ayaqüstə)  ayrı ləzzəti və ayrı dadı var.

Dövlət Statistika Komitəsindən də bir  xahişim var. Yaxşı olar ki, saytınızda pambıq yığımı ilə əlaqədar gündəlik  məlumatı  yerləşdirəsiniz. Başqa mətbuat orqanlarını  deyə bilmərəm, mən həmin məlumatı  qəzetimizin (“Ədalət” qəzeti – red) 1-ci səhifəsində dərc edəcəm.

Saytınıza  baxdım, belə bir  məlumatla rastlaşmadım. Bəzi rayonların  məlumatları isə çox köhnədi, hətta  2019-cu ilin məlumatıdı.

Aqil Abbas

Milli Məclisin deputatı

Paylaş:

Ən son xəbərlər