Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Baş Prokurorluqdan verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, “Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri olan Martoyan Armen Hamletoviç (Samvel) və digərlərinin Azərbaycan Respublikasına qarşı törətdiyi cinayət əməllərinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunda toplanmış material üzrə araşdırma aparılıb.
Araşdırmalarla qeyd olunan “Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri olan Rusiya Federasiyasının vətəndaşı Martoyan Armen Hamletoviç (Samvel ləqəbli) və həmin qruplaşmanın digər üzvlərinin 2020-ci ilin oktyabr ayında Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə, həmçinin qondarma “Dağlıq Qarabağ” rejiminin rəhbər şəxsləri ilə görüşüb döyüş əməliyyatlarında iştiraklarına dair müzakirələr aparmaqla cinayət əlaqəsinə girmələri, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın rəhbərliyi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.