Dövlət Gömrük Komitəsinə işə düzəltmək adı ilə dələduzluq etməkdə ittiham olunan 1970-ci il təvəllüdlü Vüqar Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın xəbərinə görə, Vüqar Qasımov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Əli Novruzova Azərbaycan Gömrük Komitəsinin Bakı şəhər Baş Gömrük İdarəsində inspektor vəzifəsinə bərpa olunmasına kömək edəcəyinə dair yalandan vəd verib.
Vüqar Qasımov Əli Novruzovdan 2019-cu ilin iyun ayının sonunda “Nəriman Nərimanov” adına istirahət parkında 10000 manat, təxminən iki ay sonra, yəni 2019-cu ilin avqust ayının sonunda eyni adla “Nəriman Nərimanov” adına istirahət parkında 8000 manat və sonuncu dəfə isə 2019-cu ilin sentyabr ayının əvvəlində ”Neapol” dairəsinin yaxınlığında 11500 manat pulunu alaraq ələ keçirib.
İstintaq orqanı tərəfindən Vüqar Qasımovun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar Qasımov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Vüqar Qasımov qeyd edib ki, 2019-cu ilin iyun ayında tanışı Mirvəli ilə kafedə görüşüb: “Mirvəli mənə uzaq qohumu Əli Novruzovun Naxçıvan Muxtar Respublikasında gömrük xidmətində işlədiyini və hazırda işdən çıxdığını, Bakıda gömrükdə işləmək istədiyini dedi. Mənim həmin ərəfələrdə maddi durumu aşağı olduğundan Dövlət Gömrük Komitəsində yaxın adamlarımın işlədiyini dedim, bu işi həll edə biləcəyimi söylədim. Mirvəlidən qohumu Əlinin nömrəsini mənə verməsini xahiş etdim. Mirvəli Əlinin telefon nömrəsini mənə verdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Əliyə zəng edib və Əli ilə Bakı şəhərinin Nərimanov metrostansiyası yaxınlığında görüşüb: “Əliyə Dövlət Gömrük Komitəsində yüksək vəzifədə yaxın tanışlarımın olduğunu və işi onlar vasitəsi ilə həll edəcəyimi bildirdim. Əli mənə gömrükdə pulla işin həll olunmadığını dedi, kimin vasitəsi ilə iş məsələsini həll edəcəyimi soruşdu. Əliyə guya həmin adamın vəzifəli adam olduğunu və ona adını deyə bilməyəcəyimi, sadəcə olaraq həmin şəxsə şirinlik veriləcəyimi dedim. Əli bundan sonra məndən n işin həlli üçün hansı məbləğdə pulun tələb olunduğunu soruşdu. Əliyə 35000 manat lazım olduğunu dedim”.
Vüqar Qasımov qeyd edib ki, bu söhbətdən biraz keçdikdən sonra Mirvəli ona zəng edib və işi həll edə bilib-bilməyəcəyini soruşub: “Mirvəlini tam arxayın edib Əlinin işini həll edəcəyimi bildirdim. Bundan sonra Əli 2019-cu ilin sentyabr ayına kimi mənə ümumilikdə 29500 manat pul verdi. Əlidən götürdüyüm pulları öz ehtiyaclarıma xərclədim. Mirvəliyə Əlidən aldığım puldan hər hansı bir məbləğdə pul verməmişəm. Zərərçəkmiş şəxsdən aldığım 29500 manat puldan istintaq zamanı 7400 manat qaytarmışam. Hazırda isə tam olaraq zərəri ödəmişəm və zərərçəkmiş şəxslə barışmışam. Əməlindən səmimi peşmanam”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Əli Novruzov bildirib ki, uzun illər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləyib və 2018-ci ildə gömrük xidməti mayoru xüsusi rütbəsi ilə öz xahişi ilə işdən azad olunub: “İşdən azad olunmağıma səbəb ailə üzvlərimin Bakı şəhərinə köçməsi və mənim də onlarla birlikdə yaşamaq istəməm olub. İşdən azad olunduqdan sonra özümə iş axtarsam da, tapa bilmədim”.
Zərərçəkmiş şəxs qeyd edib ki, 2019-cu ilin iyun ayı tarixində bacımın yoldaşının xalası əri Mirvəli Naxçıvan Muxtar Respublikasındakı evində qonaq olarkən haqqımda maraqlandı və hansı səbəbdən işdən azad olunduğumu bildim, Mirvəliyə Bakı Gömrük İdarəsində işə bərpa olmaq istədiyimi bildirdim. Mirvəli bu işin yaxın tanışı Vüqar Qasımov tərəfındən həll edilə biləcəyini dedi. Vüqar Qasımovun telefon nömrəsini mənə verdi. Vüqarın telefonuna zəng etdim. 2019-cu ilin iyun ayında Vüqarla Nərimanov metrostansiyasının yaxınlığında görüşdüm.