Əməliyyat masasında oxuduğu mahnı ilə gündəm yaradan xanəndə-müğənni Məbud Əhmədovun müsahibəsini təqdim edirik:
- Məbud, cəbhəyə könüllü yollanmışdız?
- Mən Milli Konservatoriyanı bitirib, aprel ayında hərbi xidmətə yollanmışam. Könüllü deyildim, əsgər idim.
- İş yeriniz hara idi?
- Hərbi xidmətə gedənə qədər Akademik Musiqili Teatrında solist olaraq səhnəyə çıxırdım. Həm də ATV telekanalında yayımlanan "3-üz" verilişində müğənni-solist kimi fəaliyyət göstərirdim.
- Əməliyyat masasında "Qarabağ" mahnısını ifa etmisiniz. Çətin situatsiyada mahnı oxumaq hardan ağlınıza gəldi?
- Əməliyyat olunurdum. Həkim əhval-ruhiyyəmi soruşmaq üçün məni sorğu-sual etdi. Müğənni olduğumu biləndən sonra dedi ki, əgər özünü yaxşı hiss edirsənsə bizim üçün bir mahnı oxu, lentə alaq. Oxuyandan bir gün sonra bu video bütün sosial şəbəkələrdə yayılmağa başladı.