Azərbaycanın dilbər güşələrindən olan, Qarabağımızın döyünən qəlbi Şuşa hər birimizin qürur mənbəyidir. Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı, vüqarlı dağları ilə əzəmətli görünən Şuşa hər bir azərbaycanlı üçün xüsusi önəm daşıyır. Cənubi Qafqazın dəyərli mədəniyyət mərkəzlərindən biri olan Şuşa, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə məşhur olub. Muğamımızın beşiyi sayılan, Qarabağın dilbər guşəsi Şuşa şəhəri əbədi olaraq Azərbaycanın mədəniyyət məbədidir.
Şuşanı "Şərqin konservatoriyası" və "Azərbaycanın musiqi beşiyi" adlandırırlar. Bu şəhər Azərbaycanın bir sıra görkəmli şair, müğənni, musiqiçi və böyük bəstəkarların Vətənidir. Xurşudbanu Natəvan, Cabbar Qaryağdıoğlu, Bülbül, Xan Şuşinski, Üzeyir Hacıbəyli və digər dəyərli sənət adamları bu şəhərdə yaşayıb, bu şəhərdə yaradıblar.
Azərbaycanın döyünən qəlbi, Qarabağın mirvarisi Şuşa haqqında musiqi kompozisiyası hazırlanıb. Bakı Media Mərkəzindən verilən məlumata görə, layihə Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşıb.
Şuşa haqqında kompozisiyanın müəllifi xaricdə yaşayan həmyerlimiz Anar Bramodur. Sözləri Çexiyada yaşayan azərbaycanlı tanınmış şairə Leyla Beqimə məxsus olan “Mənim ürəyim Şuşa” adlı mahnının musiqisi məhz Almaniyada yaşayan həmyerlimiz, məşhur skripkaçı Anar Bramo tərəfindən bəstələnib.