Azərbaycan Ordusunun 40 gündə apardığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 27 ildir düşmən tapdağında olan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri və 200-ə yaxın kənd işğaldan azad edilib. Artıq məcburi köçkünlər azad olunan doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Maraqlıdır, uzun illər sonra öz doğma yurd-yuvalarına qayıda bilmək məcburi köçkünlər üçün necə hissdir? Bu barədə Modern.az-a danışan Cəbrayılın deputatı Ceyhun Məmmədov rayonda keçən uşaqlıq xatirələrini, hazırkı hisslərini bölüşüb. O qeyd edib ki, uşaqlığı Cəbrayıl şəhərində və rayonun Şükürbəyli kəndində keçib: “Bakıda doğulsam da, uşaqlığımı Cəbrayılda yaşamışam. Şükürbəyli kəndində bir neçə il qaldıq, sonra isə atamın işi ilə əlaqədar rayon mərkəzinə köçdük. Mən bir müddət kəndimizdə, növbəti dövrdə isə rayon mərkəzində oxumuşam.
Hər bir insan üçün doğulduğu boya-başa çatdığı yer əzizdir və bizim də uşaqlığımızın ən gözəl çağı, ən gözəl vaxtı o dövrə təsadüf edir. Cəbrayıl kiçik rayon olsa da səfalı, dağlıq dağ ətəyi rayonlarımızdan biridir. Həm də tarixi abidələrlə zəngin bir bölgəmizdir. Uşaqlıq xatirələrim daha çox məktəb vaxtı ilə bağlıdır. Məktəbdə müəllimlərimiz, sinif yoldaşlarımızla bir yerdə tədbirlər, gəzintilərin təşkil olunması məktəb xatirələrimizi daha da yaddaqalan edib. Rayonun mərkəzində 2 məktəb fəaliyyət göstərirdi - Cəmil Əhmədov və Maksim Qorki adına məktəblər. Mən Maksim Qorki adına məktəbin şagirdi olmuşam. Bu gün də həm müəllimlərimiz, həm də sinif yoldaşlarımızla əlaqəmiz var”.
C.Məmmədov qeyd edib ki, 16 yaşı olanda Cəbrayıldan çıxıb: “Rayondan təhsillə bağlı çıxdım, sonra isə xaricə getdim. Valideynlərim isə çox çətinliklə çıxdılar. Mənə xəbər gəldi ki, ermənilər hücum ediblər. Evdən heç nə götürmədən əliyalın rayonumuzdan çıxmışdılar. Mən bu yaxınlarda videolara, şəkillərə baxdım, azad ediləndən sonra Cəbrayılda çəkilişlər aparılmışdı. Bütün kəndlərin hamısını, rayon mərkəzini ermənilər darmadağın ediblər. Cəbrayılda çox abad həyat var idi. Kəndlərin çoxunda kitabxanalar, yay klubları var idi. Bunların hamısı ermənilər tərəfindən yerlə-yeksan olunub. Baxırsan ki, yerdə kiçik daşlar qalıb, sanki burada heç yaşayış olmayıb. Cəbrayılın Sirik kəndində yay düşərgələri fəaliyyət göstərirdi. İndi onlardan əsər-əlamət qalmayıb. Hər şeyi məhv ediblər, hər şeyi...”.
Cəbrayılda dəfn olunan insanların, yaxınlarının, doğmalarının ruhunun erməni tapdağında narahat olduğunu qeyd edən deputat indi hətta dünyadan köçən cəbrayıllıların ruhunun da azad olduğunu söyləyib: “Onların ruhu sanki erməni tapdağında həbsdə qalmışdı. İndi Cəbrayılın müdafiəsi uğrunda canından keçən hərbçilərimizin, bütün ömrü orada – öz doğma torpağında keçən zəhmətkeş insanların, Cəbrayılda doğulub, böyüyən, elə orada da ömrünü başa vurub, dəfn edilən insanların ruhu azadlığına qovuşur. Mən rayona gedərkən ilk olaraq babamın, yaxınlarımın məzarına baş çəkəcəyəm. Həm kənddə, həm də rayonda oxuduğum məktəbə baş çəkmək istəyirəm, amma eşitdiyimə görə hamısı dağıdılıb. Bizim rayonun mərkəzində çinar ağacı var idi, yanında çayxana fəaliyyət göstərirdi. Çinar ağacına, Hacı Qaraman ziyarətgahına, pirlərə getmək istəyirəm.
Cəbrayılda yenidən görməyi ən çox arzuladığım yerlərdən biri də Xudafərin körpüsüdür. Allah bizə o yerlərə bir daha getməyi nəsib edəcək”.
Füzulinin deputatı Vüqar Bayramov da sevinc qarışıq bir qəhərlə 28 ildir ayaq basa bilmədiyi doğma kəndinə qayıdacağı günü səbirsizliklə gözlədiyini söyləyib: “Füzuli rayonunun aşağı Güzlək kəndində anadan olmuşam. Orta məktəbi Füzulidə həmin kənddə və Füzuli şəhərində oxumuşam. Uşaqlıq illərinin keçdiyi yer çox doğmadır, inanıram ki, hər bir insan o yerləri, uşaqlığını sevinclə və qürurla xatırlayır. Füzuli şəhəri işğaldan azad olunan gün gecə saat 1-də Gəncə şəhərinə erməni silahlı qüvvələrinin raket atəşi oldu, yaralananlar və ölənlər var idi. Həmin gecəni mən yatmamışdım, çünki mətbuatdan, televiziyadan baş verənləri izləyirdim. Artıq oktyabrın 17-si səhər saat 10 radələrində Ali Baş Komandan Füzuli şəhərinin işğaldan azad olunduğunu bəyan etdi. Ermənilərin Gəncədə törətdiyi terrorun qisası çox tez bir zamanda alındı. Bir gözümüz ağlasa da, bir gözümüz güldü. Həsrətində olduğumuz Füzuli şəhəri işğaldan azad olundu. Füzuli rayonu artıq bütövləşib, mən məcburi köçkün rayonun millət vəkili deyiləm, hətta artıq məcburi köçkün də deyiləm. Təbii ki, bu qürurvericidir, bütövləşmiş rayonu parlamentdə təmsil edirəm”.
V.Bayramov xəyalən doğma kəndinin işğal olunduğu günə qayıdıb: “Kəndimiz işğal olunmazdan təxminən 2 həftə əvvəl orada idim. O zaman universitetdə birinci kursda oxuyurdum. Kəndə anamın yanına getmişdim. Ermənilər bizim kəndi mütəmadi hədəfə alırdılar, dünyasını dəyişənlər var idi. Amma kənd sakinləri düşünmürdülər ki, Füzuli işğal oluna bilər. Baxmayaraq ki, bizim kəndimiz Dağlıq Qarabağa yaxın kənddir, hazırda işğaldan azad olunan Hadrut qəsəbəsinin yaxınlığında yerləşir, yenə də ümidimiz var idi. Amma mən kəndimizi tərk edəndə buraya bir də qayıda bilməyəcəyimi hiss etmişdim. Kəndimizdən şəhər mərkəzinə, oradan da Bakıya gəlmək üçün avtomobil sifariş vermişdik. Amma mən kəndi nədənsə taksi ilə deyil, piyada gəzmək istəyirdim. Əşyaları taksiyə qoyduq, xahiş etdim ki, kəndin çıxışına qədər piyada gedəcəm, o səmtdə maşına minərəm. Sanki ürəyimə dammışdı ki, mən uzun müddət bu yerlərə qayıda bilməyəcəm, ona görə, kəndimizə sonuncu dəfə baxmaq istədim. Təəssüf ki, elə də oldu. İki həftə sonra kəndimiz işğal olundu.
Azad ediləndən sonra yayılan görüntülərdə aydın görünürdü ki, kəndimiz tamamilə dağıdılıb. Füzuli şəhərinə və həmin doğulduğum kəndə nəinki getmək, hətta gedə biləcəyini düşünmək belə insana təsir edir. 27 illik həsrət var. Etiraf edim ki, 27 ildə ən azı ayda bir dəfə yuxuda kəndimizə getdiyimi görürdüm. Artıq bu yuxu deyil, reallıqdır, yuxularım gerçəkləşir. O vaxt mənim üçün çox təsirli idi, məcburi köçkün rayonu təmsil etməklə yanaşı, həm də orada doğulub boya-başa çatmış və doğulduğu kənd, yaşadığı rayon 27 il işğal altında olan bir millət vəkili idim. İndi isə təəssüratım qəhərli və bir o qədər qürurvericidir. Əminik ki, bu qələbə yürüşü davam edəcək”.