Əməkdar artist Sevinc Sarıyevanın müsahibəsini təqdim edirik.
- Sevinc xanım, Ağdam musiqi məktəbinin layiqli yetirmələrindən birisiniz. Bu torpaq daim sənətkarlar, sənətkar ailələri yetişdirib. Yəqin ki, sizə də bu səs ailənizdən keçib...
- Bəli, mənə də səs ailəmdən keçib. Ağdamda səsi olmayan ailə yox idi. Biz 6 bacıyıq, hamımızın səsi var. Anam da o vaxt yas yerlərində mərsiyyə deyərdi. O həm də muğamın bütün növlərini əzbər bilirdi. Bütün xanəndələrin onsuz da axırı mərsiyyə deyəndir də..
- Sənətdə ustadınız kim olub?
- Mənim ilk ustadım Vahid Abdullayev olub. Daha sonra Milli Konservatoriyada xalq artisti Arif Babayevdən 4 il dərs almışam. Mənimlə o vaxt Lalə Məmmədova, İlahə Fəda, İlahə İbadova da birlikdə oxuyurdular. Onu da deyim ki, biz Milli Konservatoriyanın ilk buraxılışlarıyıq.
- İstərdim Ağdamın Mərzili kəndindən, ailənizdən danışasız?
- Mən Ağdamın Mərzili kəndindənəm. Elə gözəl kəndimiz var idi ki.. Kəhrizləri, bulaqları, məktəbi, mədəniyyət evi. Hələ də gözümün önündədir. Bizim kəndimiz də 1993-cü ildə düşmən tərəfindən işğal edilib. Kəndimizdə iş yerləri çox az idi, amma əhali çox idi. Ona görə də kəndin bir çox sakini kimi atam da Xocavənd rayonuna gedib, orda heyvan saxlayırdı, fermada işləyirdi. Ailəlikcə tərəkəmə idik də. Heyvandarlıqla məşğul olurduq.
- Bu günkü gündə kəndinizdən xəbəriniz varmı?
- Nəinki bizim kəndimizdən, bir çox yerlərdən əsər-əlamət qalmayıb ki. Mənfur düşmənimiz oraları xarabalıqa çevirib. Eybi yoxdur, çox az qalıb. Cənab prezidentimizin rəhbərliyi ilə rəşadətli ordumuz o kəndlərin, şəhərlərin, rayonların heç birini işğal altında qoymayacaq. Torpağımız alınan kimi gedib orda yaşayacam. Bəziləri deyir ki, həm Bakıda, həm də orda yaşayacam, mən amma yalnız o kənddə yaşayacam. Biz o torpaqlarda ermənilərlə birgə yaşayırdıq.. Onlar bizim evlərə, biz də onlara gedib-gəlirdik. Rəfiqələrimiz də var idi, nə yalan deyim. Allah onlara lənət etsin.. Evimizin yuxarı başında otuzdurduq onları, görün başımıza nə oyun açdılar.. Ən gözəl yerlərdə onlar yaşayırdı.. Yazıq atam..(kövrəlir)..