"Bu gün Azərbaycan tarixində ən yadda qalan günlərdən biridir. Azərbaycan ordusu ölkəmizin incisi olan qədim Şuşa şəhərini işğalçılardan azad edib. 27 sentyabrda müharibə başlayanda heç kim inanmazdı ki, Azərbaycan ordusu gedib Şuşaya qədər çıxacaq".
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.
"Birinci inanmayanlardan biri mən idim. Ona görə yox ki, ermənilərin güclü olduqlarından narahat idim. Əksinə ermənilərin heç vaxt güclü orduları vuruşan əsgərləri olmayıb. Onlar həmişə uduzublar. Ermənistanı Minsk qrupunun ABŞ, Rusiya, Fransa dəstəkləməyindən qorxurdum. Bu böyük 3 dövlətin müəyyən vaxtdan sonra Prezidenti atəşi kəsməyə məcbur edəcəklərindən qorxurdum. 10 oktyabrda belə bir addım Rusiya tərəfindən atıldı. Sonradan Fransa və ABŞ da müharibəni saxlamaq üçün Prezident Əliyevə təzyiq etməyə başladılar. Ancaq Prezidentin qətiyyətini sındıra bilmədilər. Və 20 gün ərzində Prezident dərin analizləri ilə dünyanın məşhur televiziyalarına verdiyi müsahibələri ilə problemin mahiyyətini bütün ölkələrin rəhbərlərinə və xalqlarına çatdıra bilmişdi. Azərbaycana münasibət dəyişirdi. İkinci ən mühüm faktor Türkiyə cümhuriyyətinin qətiyyətlə Azərbaycanın tərəfində dayanması idi. Prezident Ərdoğan hər tərəfli, lazım gələrsə, ordu ilə Azərbaycanın yanında olacağını, demək olar, hər gün elan etdi. Türkiyənin liderləri Dəmirəl, Tansu Çillər və başqa birisi olsaydı, biz heç vaxt Türkiyədən belə qətiyyətli dəstək ala bilməzdik. Bu tarixi günün baş tutduğuna görə Azərbaycan əsgərlərinə, Ali Baş Komandana dərin minnətdarlığımı bildirirəm. Azərbaycan bölünməzdir, Azərbaycan sarsılmazdır" - R.Quliyev qeyd edib.
Rəsul Quliyev: "Heç kim inanmazdı ki, Azərbaycan ordusu gedib Şuşaya qədər çıxacaq"