Qarabağda separatçıların cərgəsində Azərbaycan ordusuna qarşı döyüşlərdə iştirak edən erməni güləşçi Miqran Arutyunyan növbəti dəfə həmvətənlərini Şuşada olduğuna inandırmağa çalışıb.
Güləşçi müraciətində Şuşada olduğunu təkidlə vurğulasa da, görüntülərdə onun tarixi Azərbaycan şəhərində olmasını sübuta yetirə biləcək heç nə yoxdur. Görünür, M.Arutyunyan erməni auditoriyasının onun qaranlıqda hansısa ağacın qarşısında çəkdirdiyi görüntülərin Şuşa olmasına inanacaq intellekt səviyyəsində olduğuna ümid edir.
Üstəlik, güləşçi ilk videodan da dərs çıxarıb. Belə ki, ilk videoda onun qarşısında dayandığı restoranın Xankəndidə olduğunu müəyyən etmək üçün internetdə sadə axtarış etmək kifayət edirdi. İndi isə M.Arutyunyan “ağıl”la hərəkət edib və videonu qaranlıqda çəkib ki, Şuşada olduğu yalanı asanlıqla ifşa edilməsin.