“Azərbaycan xalqı Bakıda və digər ərazilərdə əsl “Zəfər tağı”nı ucaltmaq haqqını qazandı”
“Nə vaxtsa, barışmalıyıq, tale belə gətirib ki, biz ermənilərlə qonşuyuq”
"Paşinyan hazırda ələ keçirilsə, edam ediləcək"
Milli Məclisin deputatı Nəsib Məhəməliyevin Pravda.az-a müsahibəsi:
- Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədi necə qiymətləndirirsiniz?
- İşğalda olan torpaqlarımızın azad edilməsi münasibəti ilə başda Ali Baş Komandan İlham Əliyev olmaqla xalqımızı təbrik edirəm. Doğrudan da, tarixin müəyyən obyektiv səbəblərindən çox keşməkeşli yol keçmişik. Müxtəlif imperiyaların tərkibində olsaq da, milli kimliyimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, dinimizi, mili-mənəvi dəyərlərimizi saxlamışıq. Qələbəni tam təsəvvür etmək üçün söz acizdir. Çünki bunu danışmaqla deyil, hiss etməklə qiymətini vermək olar. Xalqımızın sevinci hər şeyi deyir. Hesab edirəm ki, minilliklər keçsə də, Azərbaycan xalqının qazandığı qələbə yaşacaq. Bu, tarixin qızıl səhifəsidir. Gələcək nəsillər tariximizlə qürur hissi keçirəcəklər, fəxrlə danışacaqlar...Razılaşmanı birmənalı dəstəkləyirəm. Hesab edirəm ki, razılaşma indiki vəziyyətdə xalqımızın maraqlarına tam cavab verir. Bununla son 30 ildə yaranmış gərginliklər aradan qalxır. Xəyallarımızda canlandırdığımız, ölkənin ictimai-siyasi həyatında önəm kəsb edən Şuşaya qayıdırıq. Razılaşma ilə işğal altında olan torpaqlarımız azad olunur, məcburi köçkünlər yurd-yuvalarına qayıdırlar. Ən önəmlisi odur ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunur. Bunu yuxu kimi qəbul edirdik, amma həqiqətdir ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla dəhliz əldə edirik. Bu, həm Azərbaycan, həm də Türkiyə üçün çox önəmlidir. Zaman keçdikcə bunun qiymətini yaxşı verəcəyik.
- Atəşkəsə nəzarət mexanizmi necə olacaq? Sənəddə qeyd edilənlərin icrası mümkün olacaqmı?
- Əldə olunan razılaşmaya görə Laçın dəhlizinə, Naxçıvan dəhlizinə Rusiya sülhməramləları nəzarət edəcək. Bildiyiniz kimi, Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalayıblar. Birgə monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin hərbi əməliyyatların dayandırılması rejiminə uyğunluğuna etibarlı nəzarət etməyə imkan verəcək, həmçinin münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq. Mərkəz Azərbaycan ərazisində, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Qurum müqavilələrin pozulması ilə bağlı hər hansı şikayət, sual və ya narahatlığın araşdırılması ilə məşğul olacaq.
- Azərbaycan müxalifəti hesab edir ki, Rusiya qoşunlarının Azərbaycana ərazisinə daxil olması milli maraqlarımıza ziddir. Siz necə düşünürsünüz?
- Əgər Azərbaycanda Rusiya hərbi bazasının, o cümlədən Rusiya Silahlı Qüvvələrinin yaradılmasından söhbət gedirsə, burada Milli Məclisin qərarı olmalı idi. Hazırda isə söhbət sülhməramlılardan gedir. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Burada Rusiyanın hərbi bazasının yaradılmasından söhbət getmir. Ona görə də müxalifət nümayəndələri ilə razı deyiləm. Hesab edirəm ki, uzun illərin düşmənçiliyindən sonra hansısa bir qüvvə münasibətləri tənzimləməli idi. Etiraf etmək lazımdır ki, nə erməni, nə də Azərbaycan xalqı dostluq münasibətlərinə riayət etmək iqtidarında deyil. Çünki ötən müddət ərzində körpülər yandırılıb, düşmənçilik təbliğatı aparılıb. Bu da təbiidir. Çünki qan tökülüb, xeyli sayda şəhid verilib... İnsan psixologiyası bu baryerləri aşmaqda acizdir. Ona görə də üçüncü qüvvənin iştirakı labüd idi. Rusiya sülhməramlılarının orada yerləşdirilməsi baş verə biləcək toqquşmaların qarşısını almaq üçün olduqca əhəmiyyətlidir. Türkiyə Cümhuriyyətinin prosesdə iştirakı isə bizə əlavə güc verir.
- Birgəyaşayış mümkün olacaqmı?
- Reallıqla barışmaq lazımdır. Nə vaxtsa, barışmalıyıq. Tale belə gətirib ki, biz ermənilərlə qonşuyuq. Nə biz, nə də ermənilər köçüb gedəcək. Bu, reallıqdır. Belə bir deyim var, zaman bütün yaraları sağaldır. Təbii ki, barışıq birdən birə baş verə bilməz. Hər iki tərəfdən həqiqi istək olarsa, barışıq mümkün olar. Hesab edirəm, Azərbaycan xalqı ermənilərdən fərqli olaraq bütün millətlərlə yaşamaq iqtidarındadır. Azərbaycanda multikultural cəmiyyət mövcuddur. Prezident İlham Əliyev "BBC News”a müsahibəsində bildirdi ki, hətta əli Azərbaycan xalqının qanına bulaşmış Ermənistanın sabiq Müdafiə nazirinin bacısı Azərbaycanda yaşayır. Dünyada ikinci belə bir dövlət təsəvvür etmək mümkün deyil. Ermənistan monoetnik dövlətdir, bu, onların bədbəxtliyidir. Xalqlar birgəyaşayış nəticəsində zənginləşirlər, mədəniyyətləri qarışır... Erməni xalqı xəstə ideologiyalarına görə məhv oldu. Xalqların bir-birinə yaxınlaşmasında ciddi problem görmürəm. Amma müəyyən nüanslar var ki, diqqət yetirməliyik. Erməni diasporu, lobbisi, kilsəsi qızışdırıcı mövqe tutmasalar, düşmən münasibət bəsləməsələr, böyük güclərin əlində alət olmağı tərgitsələr, barışıq mümkündür. Belə olan halda, qonşu ölkələrlə münasibətləri normal qura bilərlər. Ermənistan tərəfdən siyasi iradə olmalıdır. Onlar xəstə “Böyük Ermənistan” xülyasından əl çəkməlidirlər. O cümlədən Konstitusiyalarındakı Türkiyə Cümhuriyyətinin əleyhinə olan Ağrıdağla bağlı maddələr çıxarılmalıdır. Erməni siyasətçilərindən çox şey asılıdır. Birgə yaşayış mümkündür.
- Müzakirələrə səbəb olan məqamlardan biri də imzalanan sənəddə Xankəndi, Xocalı, Xocavənd rayonlarının adlarının olmamasıdır...
- Bu sənəd əsasən müharibənin dayandırılmasına hesablanıb. Bu, yol xəritəsidir. Burada Dağlıq Qarabağla bağlı hər hansı statusdan söhbət getmir. Yəni status məsələsi, artıq gündəlikdə yoxdur. Azərbaycan unitar dövlətdir, Xankəndi Mingəçevir və digər şəhərlərimiz kimi eyni statusa malikdir. Orada yaşayanlar Azərbaycanın pasportunu qəbul etməlidirlər, kimsə qəbul etmirsə, vətəndaşlıqdan çıxarılmalıdır. Digər tərəfdən, xaricdən həmin ərazilərə köçürülənlər çıxarılmalıdır. Faktiki çıxıblar... Biz işğala qədər orada yaşayan erməni ailələrini əsas götürməliyik. Düşünürəm, idarəetmə ilə bağlı yeni qaydalar müəyyənləşəcək. Reallıq ondan ibarətdir ki, muxtariyyət yoxdur! Xankəndidə də, Xocavəndə də, Xocalıda da Azərbaycan bayrağı dalğalanacaq. Belə olan halda, digər məsələlər texnikidir. Keçid dövrü üçün əsasnamə hazırlana bilər.