Yenə başladılar. Sanki gözləyirdilər ki, bir zəif bəhanə tapsınlar, bir həlqədən yapışsınlar, sonra hücuma keçsinlər.
Vətən müharibəsi başlayandan Azərbaycan Ordusunun uğurlu əməliyyatlarına görə Ali Baş Komandan İlham Əliyevə bir quruca sağ ol deməyən həmin adamlar ilk fürsətdə həmləyə başladılar.
Söhbət inkarçı və cığal müxalifət qruplarından gedir. Azərbaycan 200 il sonra ilk dəfə itirilmiş torpaqlarını işğaldan azad edir, bu tarixə rəşadətli Ordumuz və onun Ali Baş Komandanı imza atır, bizim üçün xəyallara çevrilməkdə olan Şuşa şəhəri, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli rayonları düşməndən geri alınır, Kəlbəcər, Laçın, Ağdam boşaldılır, Ermənistan rəsmi şəkildə hərbi kapitulyasiyaya qol çəkir, tarixinin ən bədbəxt aqibətini yaşayır, dünyanın gözü qarşısında sınır, lakin fürsətcillər bəhanələrindən əl çəkmirlər...
Biz Qarabağı işğaldan azad etməyi hədəfləmişdik və ona da nail olduq. Sülhməramlıların gəlişi də gözlənilməz deyildi, bunsuz sülh mümkün də deyil. Həmçinin, bəzilərinin dediyi kimi, bütün mülki erməniləri də Qarabağdan qovub, ermənisiz Qarabağ qurmaq da mümkün deyil.
Ancaq biriləri mahiyyəti - qələbəmizi kənara qoyub, həllini qarşıdakı müddətdə tədricən tapmalı olan bu detallar üzərindən provokatorluq edirlər.
Hazırda sosial şəbəkələrdə Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan Böyük Qələbəyə kölgə salmaq cəhdləri edənlər də var.
İnkarçı müxaliflər rus sülhməramlı qoşunlarının Laçının 5 kilometrliyində yerləşdirilməsini “məğlubiyyət” kimi təqdim edirlər.
Onlara elə gəlir ki, Qarabağı erməni separatçılarından azad edib ruslara bağışlamışıq. Məsələnin mahiyyətini, hüquqi nüanslarını qəbul etməyən müxaliflər məqam gözləyirdilər ki, hakimiyyəti və rəhbərini tənqid etsinlər. Bu, siyasi qısqanclıqdır.
Şuşanın azad edilməsindən sonra məcbur qalıb Prezidenti təbrik edənlər indi bunun acığını çıxmaqdadırlar.
Bununla bütün cəmiyyəti çaşqınlıq içində saxlayıblar, ictimai rəyi tamam yanlış istiqamətə yönəltməyə cəhd göstərirlər. Belə mövqe yolverilməzdir.
Azərbaycan heç bir təslimçilik aktına imza atmayıb, heç bir kompromisə getməyib, Dağlıq Qarabağın statusu yoxdur, köçkünlərimiz bu ərazilərdə yaşayacaqlar, Rusiyaya hər hansı güzəştdən, Qarabağda rus hərbi bazasının yaradılmasından söhbət getmir.
Qarabağ alınıb və sadəcə, sülhməramlılar əraziyə yerləşdirilir. Deyəsən, bəziləri siyasətdə bu illər ərzində yetkinləşməyiblər, hələ də regionda Rusiya faktorunu, onun münaqişənin həllində açar rolu oynadığını bu günə kimi qavramayıblar. Faktiki olaraq təxribat xarakterli açıqlamalar verir, həmlələr edir və az qala Rusiya ilə savaşa başlamağı tələb edirlər.
Azərbaycanın siyasi rəhbərliyi siyasətdə uğur qazana bilməmiş həmin qüvvələrdən fərqli olaraq, məhz peşəkar diplomatiya və Rusiya ilə münasibətlərdə ölçü-biçili davrandığı üçün hərb meydanında da istədiyi nəticəni əldə edə bildi.
Faktiki olaraq, Rusiya-Azərbaycan-Ermənistan arasındakı məlum sənədə Ermənistan cəmiyyəti kəskin reaksiya verib, xalq Paşinyanı süngü ilə qarşılayır, bizdə isə bir qrup inkarçılar dirəşiblər ki, Ermənistan yox, Azərbaycan uduzur...
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, rus sülhməramlı qüvvələri əraziyə nəzarəti Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirəcək və burada təşvişə düşməli hal yoxdur.
Deputatın fikrincə, bir qrup adam müharibənin gedişində ümumi aurada guya dövləti dəstəkləyirdi:
“Amma fürsət gözləyirdilər. Məsələn, humanitar atəşkəs razılaşması olan kimi yenə öz amplualarına qayıdırdılar.
Belələri bununla özləri üçün maksimalist hədəflər cızıblar və onlara elə gəlir ki, nə düşünürlərsə Ordu da onların dediyini etməlidir. Yəni o dərəcədə yanaşırdılar ki, Ordu gedib İrəvana da keçməlidir".
F.Mustafa realist yanaşmağı təklif edir: “Azərbaycan mümkün olanı etdi. Mümkün olan da Qarabağın düşməndən azad edilməsi idi və Ordumuz buna nail oldu.
Biz “erməniləri tamamilə yox edək” düşüncəsi ilə yaşayıb dünya ilə üz-üzə gələ bilmərik. Eyni zamanda bu hadisələrdə Rusiyanın addımlarını qiymətləndirməliyik.
İlk növbədə Rusiya Qarabağda gedən müharibəyə müdaxilə etmədi, hətta ermənilərin yalvarışlarına da baxmadı. Həmçinin Naxçıvandan dəmir yolunun bərpası mümkün deyildi. Bunu Rusiya edə bilərdi. Odur ki, Azərbaycanın qazandığı uğura kölgə salacaq heç bir addım yoxdur.
Fakt 7 rayon azad edilib, digər ərazilərimizdə də erməniləri etnik təmizləməyə məruz qoyaraq beynəlxalq təzyiqləri üzərimizə yönəldə bilmərik.
Ümumiyyətlə, bu yanaşmalar küyçülüklə siyasətin içində yer almaqdan qaynaqlanır. Əhali atılan addımı daha dərindən anlayır.