Şuşa özünə qayıtdı…
Insan həyatı o qədər uzun deyil ki, onu dərd-qəm içində yandırmaqla barışasan. Bu həqiqəti dərk etməyə başlayandan hər birimiz həyatımızın hər günündə bir sevinc işartısı axtarmağa başlamışdıq. Tapmayanda uşaqlıq illərimizin qayğısız günlərini xatırlayar və özümüzü inandırmağa çalışardıq ki, heç olmasa o zaman, uşaq olarkən xoşbəxt idik. Bizi istədiyimiz qədər qane etməsə də qarşılaşdığımız ən kiçik sevinc anlarını belə yaddaşımızda bir-birinin ardınca xalça ilmələri kimi düzməklə bu xırda sevinclərdən xəyalımızda özümüzə xoşbəxtlik xalısı toxumağa çalışırdıq. Amma qəlbimizin dərinliyində bizi sızladan, gizli-gizli ağladan və həyatımızın böyük bir hissəsini yandırıb külə döndərən bir nisgil vardı - Qarabağ nisgili.
Vətən nisgili, itirilmiş torpaq ağrısı, aşağılanmış qürur acısı, övladlarımızın gözlərinə kişi kimi baxa bilməmək xəcaləti şüurumuza, varlığımıza hakim kəsilmişdi. Bu iztirab, bu acılar, bu xəcalət hissləri heysiyyatımızı ləkələmiş, bizə xoşbəxtliyin dadını unutdurmuşdu. Övlad dünyaya gətirməkdən, qız köçürməkdən, oğul evləndirməkdən almağa çalışdığımız sevinc və fərəh hisslərimizi nə qədər xəyali xoşbəxtlik xalçamıza düzməyə çalışsaq da bu bizi xoşbəx edə bilmirdi. Özümüzü aldatmağa qürurumuz yol vermirdi. Yaşayaraq heç zaman xoşbəxtlik hisslərini bir daha yaşaya bilməmək qorxusu ruhumuzu əsir etmişdi, amma sındıra bilməmişdi. Bakıda, Şəkidə, Gəncədə, Lənkəranda yaşasaq da ruhumuz Qarabağda dolaşırdı. Eşitdiyimiz istənilən pis və ya yaxşı xəbərləri qulaqlarımızda daim səslənən əsirlikdə çırpınan Qarabağın iniltiləri içərisindən eşidirdik. Hara baxmaq istəsək Şuşa dağlarının dumanlı başı və ildən-ilə həsrətdən bozalan qədim Qala divarları gözlərimiz önündə canlanırdı.
Düz 28 il hər açılan sabahın bir müjdə gətirəcəyinə ümidlə yaşadıq, əzab çəkdik, şüurumuzla, qəlbimizlə o günün gələcəyini, o xoşbəxt sabahın açılacağını gözlədik. Bu gün o sabah açıldı.