“Biz bu gün tariximizin ən möhtəşəm və yadda qalan günlərini yaşayırıq”.
Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Eldar İbrahimov deyib.
Deputat bildirib ki, haqqı, ədaləti, hüququ tanıyan hər bir millətin nümayəndəsi bizim bu qələbəmizə sevinir: “10 noyabrda imzalanan bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya məcbur edildi. İşğalçı Ermənistan 44 günlük savaşın nəticəsində işğal etdiyi ərazilərdən qovuldu”.
Komitə sədri Səməd Seyidov bildirib ki, illər boyu parlamentdə sazişləri təqdim edəndə onların sonuncu səhifəsində hər zaman qeyd-şərt olurdu: “İşğal altında olan ərazilərdə Azərbaycanın sazişlərin həyata keçirilməsinin mümkün olmaması qeyd edilirdi. Onlar bizə bunu qəbul etdirməyə çalışırdılar. Amma bu, olmadı. Artıq heç vaxt parlamentdə sənədlərdə o qeyd-şərt yazılmayacaq. Bunu edən Ali Baş Komandan İlham Əliyevdir. Bu gün Şuşamız azaddır, Kəlbəcər, Laçın və başqa rayonlarımız azaddır. Tam şəkildə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu qələbə Azərbaycan liderini tarixdə ən yüksək səviyyədə olan liderlər cərgəsinə daxil etdi. Bu qələbə dünya tarixində qalib gəlmiş ölkələrin, xalqların içərisinə Azərbaycanın adını qızıl hərflərlə yazdı. Bu qələbə haqda millət əbədi danışacaq. Bu, Azərbaycanın əbədi qızıl tarixidir”.
Deputat Siyavuş Novruzov deyib ki, qələbənin əsasını Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diplomatik, siyasi sahədə olan uğurları təşkil edir.
Deputat bildirib ki, Azərbaycanın xalq-iqtidar birliyi də buna dəstək oldu: “Azərbaycan Ordusunun peşəkarlığı bu proseslərdə aktiv rol oynadı. Dağlıq Qarabağın statusu ilə əlaqədar təqdim edilən bütün sənədlər ortadan qalxdı. Ümumiyyətlə, Türk Dünyasını birləşdirən yolun açılması ilə Naxçıvanla quru əlaqəsinin bərpası həllini tapacaq. Bu proseslər gələcək nəsillərə saxlanılmadı. Hüseyn Cavidin “kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü” misralarını xatırlayaq. Bunu Ali Baş Komandan etdi”.
Deputat Tahir Mirkişili bildirib ki, müstəqilliyimizi doya-doya yaşamağa Qarabağ problemi mane olurdu: “Ermənistan ən az 30 il geri düşdü. Azərbaycan iqtisadiyyatı da bu döyüşdə qalib gəldi. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında birlik oldu. Biz artıq azadıq, bütövük. Prezident İlham Əliyev qələbə ilə insanlardakı işğalın ağrı-acılarını unutduracaq”.
Deputat Məlahət İbrahimqızı qeyd edib ki, bu gün hamımız xalqımızın haqq və ədalət uğrunda başladığı Vətən Müharibəsində zəfərin sonsuz qürurunu yaşayır: “Biz xoşbəxtik ki, bu tarixi zəfərin şahidiyik. Ermənistanın mənfur planları 44-45 gün içərisində məhv oldu. Ordumuz müzəffər Ali Baş Komandanın qətiyyəti ilə misilsiz uğurlar qazandı. Ali Baş Komandanın dəmir yumruğunun gücü Ermənistanı diz çökməyə məcbur etdi. Bu gün Vətən Müharibəmiz dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu savaşı Çanaqqala savaşı, Malazgird savaşı ilə müqayisə edə bilərik. Bu qələbəni bu gün biz şəhid ailələrinə, əsgərlərimizə borcluyuq. Böyük sərkərdəsi olmayan xalq qələbə qazana bilməzdi. Prezident belə bir fikir ifadə etdi ki, mən nə qədər hakimiyyətdəyəm, Dağlıq Qarabağa status verilməyəcək. Bu gün Prezidentə bildirmək istəyirəm ki, xalqımız sizin siyasətə sadiq qalacaq”.