Yunan-Roma güləşi üzrə Avropa çempionu Rasul Çunayev sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Bir çox həmkarlarınız cəbhə bölgəsində oldular, əsgərlərimizə dəstək verdilər. Bu prosesdə siz nə dərəcədə aktiv idiniz?
- Mən Dövlət Sərhəd Xidmətinin (DSX) baş leytenantıyam və orada xidmət edirəm. Tovuz döyüşlərində general Polad Həşimov şəhid oldu. O zaman könüllü orduya yazıldım. Müharibə başlayandan hospitalda yaralı zabit və əsgərlərimizi ziyarət edirəm. Hərtərəfli dəstək göstəririk. Mən bir sərhədçi olaraq təyinat üzrə hərəkət edirəm. Şəhid ailələrinə baş çəkirəm, onlara dəstək oluram.
- Təzə yaradılmış “Davam" Gənclər Təşkilatının üzvlərindən biri də sizsiniz. Təşkilatın missiyası nədən ibarətdir?
- “Davam” Gənclər Təşkilatında 8 fəal gənc təmsil olunur. Bizim əsas məqsədimiz şəhid ailələrinə kömək etməkdir. Ali təhsil müəssisələrində, məktəblərdə nümayəndəliyimiz olacaq. Dil və biznes kursları açacağıq və gənclərimiz üçün müxtəlif layihələr həyata keçirəcəyik. Gənclərimiz təşkilata könüllü yazılsınlar, biz onlara hərtərəfli dəstək olacağıq. Bizə güclü idmançılar, siyasətçilər, hüquqşünaslar lazımdır. Bu mövqeyi qoruyub, bütün sahələrdə daha da irəliləmək lazımdır.
İdmançılarımızın yetişdirilməsi mənə həvalə edilib. İnşallah, fəaliyyətimizi bütün xalqımız görəcək. Şəhid ailələrinin uşaqlarını müxtəlif sahələr üzrə yetişdirməliyik. Vətənə, dövlətə layiqli övlad olsunlar ki, bizim qəhrəmanlarımızın ruhu daim şad olsun.
- İdman yarışlarında daim ermənilərə qalib gəlmisiniz, bir dəfə istisna olmaqla... Ümumiyyətlə, mənfur düşmənimizi necə xarakterizə edərsiniz?
- Onların millətimizə qarşı vəhşiliklərini unutmaq mümkün deyil. Dünyada heç bir xalq belə etməzdi. 30 il həsrətlə gözlədiyimiz an nəhayət gəldi. Belə bir söz var, idmanla siyasəti qarışdırmaq olmaz, amma biz düşmən ölkənin idmançısı ilə yarışa çıxanda düşünürük ki, nəyin bahasına olursa-olsun, qalib gəlməliyik.
Torpaqlarımızın işğaldan azad edilməsi bizə böyük qürur yaşatdı. Bizim qətiyyətli Ali Baş Komandanımız, güclü ordumuz var. Xalqımız birləşib, böyük həmrəylik nümayiş etdirir.
- Beynəlxalq yarışlarda erməni təxribatı ilə qarşılaşmısınızmı?
- Xeyr, bizə provokasiyalar olmayıb. Çünki yarış zamanı təhlükəsizlik yüksək səviyyədə qorunur. Bundan sonra bütün idmançılarımızı diqqətli olmağa çağırıram. Federasiyalarımıza məsləhət görəcəyik ki, daha diqqətli olsunlar. Ola bilsin, müxtəlif yollarla bizim idmançıları zəhərləməyə çalışacaqlar. Hərtərəfli özümüzü qorumalıyıq.
- Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmisiniz. Halbuki idmançıların çoxu Bədən Tərbiyəsi və İdman Akademiyası ilə kifayətlənirlər.
- Mən Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil oldum. 2000-ci ildə Bakıya gələndə Azərbaycan dilini bilmirdim. Yalnız avar dilində danışırdım. Həmin ildə Respublika Olimpiya İdman Liseyinə daxil oldum. Dostlarım mənimlə zarafat edirdilər ki, "səni, məni" deyə danışırdım. Müəllim nəsə söz deyən kimi gözümdən yaş axırdı, dili bilmirdim.
Lisey çempionatında qalib oldum, beynəlxalq arenalarda medal qazandım. Hətta media nümayəndələrinə reportaj verəndə tərləyirdim, deyirdim ki, mənim üçün qələbə qazanmaq asan, danışmaq çətindir. Öz üzərimdə çalışdım, Azərbaycan dilini mükəmməl öyrəndim. Hətta indi ingilis dilində də öyrənməyə başlamışam.
Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdikdən sonra bəzi problemlər yaşadım. Bəziləri çalışdılar ki, məni aldatsınlar.
- Nə mənada sizi aldatmağa çalışdılar?
- Hər sahədə belə insanlar var. İdmançıların saflığından istifadə edib, onları aldatmaq istəyirlər. Ondan sonra qərara gəldim ki, hər bir şəxs öz hüququnu bilməlidir. Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmağa qərar verdim. Daha bir ali məktəbə də daxil olmağa hazırlaşıram. Hansı fakültənin olacağı isə sirr qalsın.
- Gələcəkdə hüquqşünas kimi fəaliyyət göstərmək niyyətiniz varmı?
- Hüquq fakültəsini bitirdikdən sonra hər müqaviləyə imza atmıram, maddələri oxuyuram. Hər bəndinə diqqət edirəm ki, sabah vəkillə qarşıma çıxmasın. Mən idman sahəsini və idmançıların psixologiyasını daha gözəl bilirəm. Bilirəm ki, çox insanlar da uşaqlarını mənim yanıma göndərmək istəyirlər.
- Bir müddət əvvəl idman zalı açmısınız…
- Bəli, idman zalımız var. İnşallah, pandemiyadan sonra güləş zalları açacam. “Davam” Gənclər Təşkilatı da buna imkan verir. Düşünürəm ki, idman zalları açım və güclü məşqçilərlə işləyim.
- Kasıb ailələrdən övladının idmançı olması üçün sizdən kömək istəyənlər olubmu?
- Bəli, çox olub. O zaman idman zalım olmasa belə, dostlarıma istiqamətləndirmişəm. Həmin insanlardan bir qəpik pul götürməyiblər. Hətta uşaqlar var ki, on il əvvəl yönləndirmişəm və həmin uşaq bu gün mənimlə rəqibdir.
Düzdür, öz idmançılarımızı özümə rəqib saymıram, onlar dostlarım, qardaşlarımdır. Mənimlə bir yerdə rəqabət aparır, eyni yarışda çıxış edirik. Bundan sonra çalışacam ki, öz idman zallarımda da uşaqlar yetişdirim. Bir çox idmançılar, eləcə də mən kasıb ailədə böyümüşəm.
Balakən rayonun Yeni Şərif kəndində anadan olmuşam. 9 yaşımdan güləşə başlamışam və 10 yaşımda Bakıya gəlmişəm. Məşqlərimiz şəhid ailərinin övladlarına pulsuz olacaq.
- Müsahibənizin birində sizə iş üçün müraciət edənlərin də olduğunu qeyd etmisiniz…
- Bəli, iş üçün müraciət edənlər çoxdur, amma mən idmançıyam və tapşırıq məsələsini sevmirəm. Təbii ki, kömək etməyə çalışıram və ehtiyacı olanları dost-tanışa yönləndirmişəm. Amma sabah elə bir hərəkət edirlər ki, öz dostumun yanında utanıram. Hərdən elə iş istəyirlər ki, bu məndən asılı olmur. Mən məmur deyiləm, idmançıyam. Əlbəttə, bacardığım qədər kasıb, ehtiyacı olanlara dəstək oluram və olacam!
- DSX-da baş leytenant olduqdan sonra sanki idmandan uzaqlaşmısınız.
- Xeyr, düşünmürəm ki, idmandan uzaqlaşmışam. Mən Sərhədçi Olimpiya İdman Kompleksində zabit məşqçiyəm. Dövlət Sərhəd Xidmətinin rəisi, cənab general-polkovnik Elçin Quliyevin Allah canını sağ etsin. Mənə rütbə verib. Bizim bir nömrəli işimiz bayraq, himn və qələbədir. Vəzifəyə gəlib, idmandan uzaqlaşmaq kimi yanaşma düzgün deyil. Çünki heç kim bilmir ki, biz idmançılar hansı əziyyəti çəkirik, hansı problemlərimiz var və hansı zədələrdən keçirik.
Sadəcə qalib gəlməyimizi və uduzduğumuzu görürlər. Bəzi insanlar isə idmançıları uduzandan sonra atəşə tuturlar. Mən dörd dəfə əməliyyat olunmuşam və ondan sonra məşqləri nə əziyyətlə keçirirəm, bunu bir Allah bilir, bir də mən.