Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Məcburi köçkünlərin ev tikmələri üçün onlara güzəştli şərtlərlə kredit ayrılmalıdır” – Aslan İsmayılov

1 081
Paylaş:
“Məcburi köçkünlərin ev tikmələri üçün onlara güzəştli şərtlərlə kredit ayrılmalıdır” –     Aslan İsmayılov

“Məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması ilə bağlı təkliflər, fikirlər eşidirəm və bunun necə baş verəcəyi çox düşündürücüdür. Görünən odur ki, vandal düşmənlər yaşayış məskanlarında daşı daş üstündə qoymayıblar. Videolardan görünür ki, insanlar evlərinin qalıqlarını ancaq təxmini yerlərə görə tanıyırlar. Aydındır ki, həmin evlərinə getmək istəyənlər ancaq boş torpaq sahələrindən və ən çoxu evlərinin təməlindən istifadə edə biləcəklər. Ona görə də həmin qəsəbələrin yenidən, planlı, müvafiq arxitektur göstəricilərə uyğun tikilməsi Dövlətə və vətəndaşlara daha ucuz başa gələr”.

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, yurdlarına qayıdan əksər məcburi köçkünlərin özlərinə ev tikmələri üçün pulları yoxdur və hakimiyyət onlara bu və digər məqsədlər üçün güzəştli şərtlərlə kredit ayırmalıdır: “Bu zaman ayrılan pulların təyinatı üzrə xərclənməsi də bir problem olacaq. Buna görə də hesab edirəm ki, hakimiyyət həmin tikililəri özü aparmalı və vətəndaşlara tikintiyə xərclənmiş pulları kredit hesab edib faiz dərəcələrini və qaytarılma müddətini müəyyən etməlidir. Qarabağ bölgəsi təbiətinə görə çox gözəl, gəzməli, turizmə uyğun olduğundan orada aparılacaq tikililər də buna uyğun olmalıdır. Çox gözəl olar ki, bir-birinə oxşayan şəhərlər, qəsəbələr, kəndlər olmasın. Bunun üçün dünyada mövcud olan şəhər, qəsəbə, kənd layihələrindən istifadə etmək, yaxud özümüzə uyğun layihələr tərtib etmək olar. Bundan başqa, salınacaq şəhər, qəsəbə və kəndlər bir-birindən fərqlənməli və relyefə, təbiətə uyğun tikilməli və bu vaxt ən əsası bütün Azərbaycanda eybəcər şəkildə gözümüzə girən yollar, qaz, su və s. qovşaqları olmamalıdır. Əvvəlcədən infrastruktur qurulmalı, sonra isə layihələrə uyğun evlər tikilməlidir (Ağ Şəhər kimi planlı layihələr).  2005-ci ildə Ədliyyə Nazirinin müavini, Bələdiyyələrə başçılıq edən Vilayət Zahirovla görüşüb ona da təxmini təklif vermişdim. O vaxtlar izah etdim ki, ölkəyə böyük məbləğdə gələn pulların əhaliyə çatacaq əhəmiyyətli hissəsinə bələdiyyələrdən torpaqlar alınıb evlər tikiləcək. Keçən əsrin əvvəllərində salınmış Bibiheybət, Balaxanı, “Sovetski”, Sabunçu kimi yolları, infrastruktur xətləri eybəcər olan yaşayış massivlərini də yada saldım. Ona görə də təklif etmişdim ki, bələdiyyələr, satılacaq torpaqların ərazilərini 5, 6, 10 sota bölüb əvvəlcədən bütün infrastrukturu, yolları, su, qaz, telefon xətlərini hazırlayıb, məktəb, uşaq bağçası, xəstəxana və digər xidmət yerlərini müəyyən edəndən sonra torpaqları satsın. Alıcılar da artıq müəyyən edilmiş ərazilərdə istədikləri evləri tiksinlər. Onsuz da bunların məqsədlərinin pul olduğunu və harada gəldi torpaq satacaqlarını bilirdim. Bu barədə dəfələrlə mətbuatda da çıxışlarım olmuşdu. Ancaq hakimiyyətdə bir nəfər də olsun dövlət fikirli, dövlətini, vətəndaşlarını düşünən adam tapılmadı. Ona görə də indi ən azından Bakı ətrafında onlarla yolları, su, qaz xətləri eybəcər, istifadəyə yararsız kəndlər, yaşayış massivləri var. Masazır, Çiçək, Sulutəpə, Novxanı və sairlər göz önündədir. Sonralar başa düşdüm ki, bunu etmək məmur sinfinə lazım deyil, çünki hər il alacaqları milyon, milyard rüşvətlərdən məhrum olmalarını istəmədilər. İndi də eyni mənzərənin alınmaması üçün biz təkliflərimizi verib tələblərimizdən də çəkinməməliyik”.

Paylaş:

Ən son xəbərlər