Bir daha Kəlbəcərin işğalı və azad edilməsi barədə...
Darıxmağa, hövsələdən çıxmağa dəyməz. Səbrli olmalıyıq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qələbə qazandıq. Düşmən torpaqlarımızdan çıxmaq üçün vaxt istəyir. Ona verəcəyimiz yalnız vaxt olacaq.
Eybi yox, Kəlbəcər bizi bir az da intizarda saxlasın. Bu müqəddəs Vətən torpağına sarılacağımız gün uzaqda deyil. Bir daha deyim, səbrli olaq, hər hansı başqa məsələlərin içimizi yeməsinə imkan verməyək. Azərbaycan dövlətinə, dövlətimizin başçısına inananaq. Əmin olaq ki, vəziyyət əvvəlki kimi, Ordumuzun, diplomatiyamızın nəzarətindədir. Başqa cür ola da bilməz.
Kəlbəcər gözləntili bu günlərdə rayonun işğal edildiyi günü xatırladım. 1993-cü ilin apreli. Həmin vaxt AZƏRTAC-ın baş direktorunun birinci müavini idim. Xəbərlər dolaşırdı ki, Kəlbəcər tərəflərdə vəziyyət o qədər də yaxşı deyil. Müxbirimiz Natiq Abdullayevi rayona göndərdim. Natiq oraya çatdı və mənə zəng edib gözü ilə gördüyü səhnəni danışdı. Səhnə isə bu idi - Kəlbəcər helikopterlə boşaldılır, sakinlər çıxarılır. Dediyim kimi, bununla bağlı söz-söhbətlər yayılırdı və ilk baxışdan Natiqin telefonda söylədikləri mənə təəccüblü gəlməməliydi. Rayon rəhbərliyi də yerində yox idi. Nə telefona cavab verdi, nə də Natiq onu tapdı. Baş verənlərdən nəinki təəccübləndim, hətta sarsıldım da. Müxbirə qayıtmasını tapşırdım. Onsuz da orada daha görüləcək bir iş də yox idi. Səhv etmirəmsə, helikopter Yevlaxa gəldi. Natiq oradan Bakıya təxminən 4-5 saata çatdı. Gördüklərini bir dəfə də üzbəüz anlatdı. Dərhal o zamankı müdafiə naziri Dadaş Rzayevə zəng etdim. Məni diqqətlə dinlədi və müxbiri yanına göndərməyi xahiş etdi. Natiqi xidməti avtomobilimlə Müdafiə Nazirliyinə yolladım.
Dadaş müəllim müxbiri şəxsən qəbul etmiş, dinləmiş və sonra ondan danışdıqlarını yazmağı xahiş etmişdi. Beləcə həmin gün, yəni 1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğuna dair Müdafiə Nazirliyinin rəsmi məlumatı yayılmış, AZƏRTAC da öz müxbirinin yazdıqlarını dövlət qurumunun rəsmi məlumatı kimi yaymışdı. Təsəvvür edin ki, müxbirin verdiyi bilgiyə əsasən dövlət qurumu öz məlumatını yayır. Özü də Müdafiə Nazirliyi, müharibədən. Yəqin ki, vəziyyətin acınacaqlılığını başqa sözlə ifadə etməyə ehtiyac qalmadı.
Mən hər il aprelin 2-də bu danışdıqlarımı ağrı ilə xatırlamışam. Həmişə də xatırlayacam. Elə bilirəm ki, hər kəs 30 ilə yaxın davam edən belə demək mümkünsə, işğallı günləri də yada salmalıdır, çətinlikləri, məhrumiyyətləri əsla yaddan çıxarmamalıdır.