Rusiya Prezidentinin xahişi ilə Kəlbəcərin tam azad edilməsi üçün verilmiş vaxtın Prezident İlham Əliyev tərəfindən 10 gün uzadılamasına razılıq verməsini doğru addım hesab edirəm. Bir daha təsdiq edirəm ki, bu 44 gün ərzində qazandığımız çox böyük Qələbədir və tariximizdə öz layiqli yerini tutacaq. Ancaq düşmənimizin nə qədər hiyləgər, yalançı olduğunu bildiyimizdən onların hər addımını izləməli və dərhal münasibətimizi bildirməliyik. Buna görə də bəyanat imzalandıqdan bu günə qədər baş verən bəzi hallara narazılığımı bildirib aydınlıq gətirilməsini və bəzi iradların bəyanatın səbəbkarı, tərəfdarı və qarantı olan Rusiya Federasiyası rəhbərliyinə rəsmi şəkildə bildirilməsini vacib sayıram:
- Müqavilə imzalanandan bu günə qədər Rusiya sülhməramlı qüvvələrinin rəhbərlərinin qondarma qurumun rəhbəri Arayik Arutunyanla hansı məqsədlə və hansı statusla görüşməsi çox müəmmalıdır. Bu, gələcəkdə erməni tərəfinin bəzi hiylələrinə rəsmi don geyindirməsinə xidmət edəcək. Əgər bu görüşlər hələ də silahlı qüvvələrin A.Arutunyanın tabeçiliyində olduğuna görə Dağlıq Qarabağı tərk etmələri proseslərini sürətləndirmək üçündürsə, onda həmin rəhbərlər bunu rəsmi şəkildə elan etməlidirlər. Ən əsası bu görüşlər nə üçün qondarma qurumun bayrağı altında keçirilməsinə aydınlıq gətirilməlidir.
- 10 gün vaxt əhalinin ərazini tərk etməsi üçün fiziki məhdudiyyətlərin olması ilə bağlıdırsa nə üçün həmin yollarda Dağlıq Qarabağdan kəsilmiş ağaclarla dolu onlarla maşınlar şütüyür və nə üçün sülhməramlı qüvvələr ağacların kəsilməsi, evlərin yandırılması kimi vandallığın qarşısını almırlar?!