Sentyabrın 27-dən başlayan əks hücum əməliyyatları nəticəsində işğal altında olan ərazilərimizin əhəmiyyətli hissəsi işğaldan azad olundu. Azərbaycan, Rusiya və Ermənistan siyasi rəhbərləri tərəfindən imzalanmış Birgə Bəyanatın qüvvəyə minməsi ilə münaqişənin hərbi fazası başa çatdı. Lakin bu heç də münaqişənin tamamilə aradan qalxması və onun yox olması anlamına gəlmir. Hərbi əməliyyatlar nəticəsində azad olunmamış ərazilərdə Azərbaycanın suveren hüquqlarının təmin olunması və həmin ərazilərin Azərbaycanın siyasi-inzibati idarəçiliyinə keçməsi ilə bağlı siyasi səylər artıq diplomatik müstəvidə davam etdiriləcək. Növbəti mərhələdələdə uğurlu olmağın zəmini isə hərbi meydanda qazanılmış qələbələrlə artıq qoyulub və bu günkü nəticə diplomatik masada da Azərbaycanın uğur qazanağına heç bir şübhə yeri qoymur.
Beləliklə, 30 il ərazində Cənubi Qafqazda mövcud olmuş, hətta Sovet İttifaqının çökməsi proseslərində önəmli rol oynamış, post-sovet dönəmində isə həm Ermənistanın, həm də Azərbaycanın müstəqilliyinə ciddi şəkildə zədələr vurmuş münaqişələrdən biri – Qarabağ münaqişəsi öz həllinin son mərhələsinə- diplomatik həll mərhələsinə qədəm qoyur.
Hərbi əməliyyatlar mərhələsinin son səhifəsi sayılacaq 44 günlük savaşda kim nə itirdi və nə qazandı:
1. Ermənistan
Ermənistan 30 ildən bəri işğal altında saxladığı və dünya birliyinə “Dağlıq Qarabağ Respublikası” adı altında müstəqil dövlət kimi tanıtmağa çalışdığı ərazilərin təxminən 75 %-ni döyüşlər nəticəsində itirdi və ya döyüşsüz təhvil verməyə məcbur edildi. Cənub sərhədləri boyunca öz ərazisində Qarabağı Naxçıvanla birləşdirən nəqliyyat dəhlizinin açılmasına məcbur edildi.
Hərbi-siyasi nəticə BMT Təhlükəsizlik Şurasının məlum 4 Qətnaməsində və ATƏT-in Mİnsk Qrupunun təqdim etdiyi Baza prinsiplərində Ermənitanın üzərinə qoyulan və münaqişənin sülh yolu ilə həllini nəzərdə tutan öhdəliklərin məcburi şəkildə artıqlaması ilə yerinə yetirilməsindən ibarət oldu. Bu öhdəliklərin beynəlxalq hüquq normalarına uyğun şəkildə sülh yolu ilə yerinə yetirilməsi münaqişənin çözülməsi prosesində böyük irəliləyiş ola bilərdi və Ermənistana iqtisadi təcriddən çıxmaqla yeni və davamlı inkişaf perspektivləri vəd edirdi. Lakin 30 il ərzində davam edən erməni inadkarlığı və imkan düşdükdə hansısa bir kritik vəziyyətdən sui-istifadə etməklə öz ilhaqçılığına rəsmi leqallıq qazandırmaq kimi riyakar niyyətləri Ermənistanı böyük itkilərlə üz-üzə qoydu.
Ermənistanın hərbi potensialının təxminən 60-70%-i Milli Ordumuz tərəfindən məhv edildi və ya qənimət kimi ələ keçirildi. Döyüş səhnəsində itirilmiş yalnız hərbi texnika, silah və sursatın dəyərinin 3 milyard dollardan çox olduğu bilinir. Döyüşlərdə Ermənistanın 10 mindən çox canlı qüvvə itirdiyi də ehtimal olunur.
Hərbi əməliyyatların gedişində Ermənistan yenə də hərbi cinayətlər törətməkdən çəkinmədi. Döyüş bölgələrindən kənarda və hətta uzaqda yerləşən yaşayış məntəqələrimizi ağır silahlardan raket atəşinə tutmaqla çoxsaylı mülki şəxslərin həyatına son qoydu. Lakin bütün bunlar döyüş səhnəsində Ermənistana bir anlıq da olsa üstünlük qazandıra bilmədi.
Hərbi əməliyyatların davam etdiyi müddət ərzində Ermənistan beynəlxalq səviyyədə təkləndiyini gördü. Ənənəvi dostları hesab olunan Fransa, Yunanıstan və Kiprin Ermənistanın xeyrinə hadisələrə təsir etmək cəhdləri boşa çıxdı. Münaqişənin davam etdiyi bütün illər ərzində təmənnasız yardımına adət etdiyi və bu savaşda da xilas ünvanı kimi baxdığı Rusiya isə münaqişə tərəflərinə münasibətdə tərəfsizlik nümayiş etdirməklə Ermənistanı daha çox məyus etdi.
Tarixən öz mütəşəkkilliyi ilə seçilən dünya erməniliyi də Ermənistanın köməyinə gələ bilmədi. Beynəlxalq aləmdə Ermənistan dövlətindən daha güclü hesab olunan erməni diasporu bir neçə terrorçu qrup və beynəlxalq səviyyədə intensiv media dəstəyi təqdim etməkdən başqa ermənilərə heç bir əməli yardım göstərə bilmədi.
Ermənilərin Cənubi Qafqaza köçürülməsindən və türk torpaqlarında kompakt yaşamağa başladığı vaxtdan keçən təxminən 200 illik bir dövrdə ərsəyə gətirdiyi və “dənizdən dənizə böyük ermənistan” kimi mifik təsəvvürlərə əsaslanan milli ideyası Azərbaycan reallıqları ilə toqquşmada darmadağın oldu.
Ermənistanın gələcəyə hesablanmış geosiyasi inkişaf oriyentasiyasında növbəti dəfə qeyri-müəyyənlik yarandı. Ermənistan daxilində ictimai-siyasi münasibətlər gərginləşdi və bu gərginliyin hələ uzun zaman davam edəcəyi gözlənilir.
Erməni ictimai-siyasi düşüncəsində ziddiyyətlər o qədər dərinləşdi ki, bunun hamı tərəfindən aydın görülməsi və yalnız özlərinin görə bilməməsi sadəcə təəccüb doğurur. 44 gün ərzində erməni ictimai fikrində özü özünü təkzib edən iki fikir cərəyanı və iki diametral fərqli baxış bucağının özünü göstərdiyi müşahidə olunur. Nə qədər ki, Qarabağ ərazisində döyüşlər gedirdi, ermənilər öz hakimiyyətini tənqid edərək mənasız ölümlərin qarşısının alınması üçün nəyin bahasına olursa olsun, döyüşlərin dayandırılmasını tələb edirdilər. Elə ki, Ermənistan siyasi rəhbərliyi hərbi əməliyyatların dayandırılması haqqında Bəyanata imza atdı, bütün Ermənistan ayağa qalxdı və döyüşlərin son erməni sağ qalanadək davam etdirilməsini istədilər. Artıq bir neçə gündür ki, Bəyanatdan imtina edilməsi tələbi ilə Yerevanda etiraz aksiyaları davam edir. Bu milli miqyasda özünü inkarla müşaiyət edilən kütləvi psixi pozğunluq əlamətləridir.
Ermənistanın beynəlxalq siyasətdə hüquqa zidd hərəkətləri onun iqtisadi-siyasi və sosial-mənəvi həyatında tez-tez təkrarlanan “siyasi zəlzələ” effektləri yaradır ki, bu da vaxtaşırı olaraq erməni cəmiyyətini gözlənilməz iqtisadi itkilərlə yanaşı həm də dərin mənəvi-psixoloji sarsıntılara məruz qoyur. Növbəti 44 günlük savaş “zəlzələsi” erməni ictimai fikrini yenidən fraqmentallaşdırdı və erməni siyasi elitasının milli birlik səylərinə elə bir ağır zərbə vurdu ki, bu toplumun özünə gəlməsi və hər hansı milli ideya ətrafında yenidən birləşməsi üçün ona uzun müddət vaxt lazım olacaq.
Bütün bunlar 44 gün davam etmiş savaşda Ermənistanın itirdikləridir. Ermənistanın nə isə qazandığını iddia etmək çətin olsa da müsbət sonluq xatirinə 44 günün tamamında erməni ictimai fikrində güclə sezilən yeni bir yanaşmanın Ermənistanın qazancı ola biləcəyinə ümid etmək istəyirəm. Son günlər erməni cəmiyyətində öz “milli dəyərləri”nə revizionist baxışlar sərgiləyən və tənqidi fikirlər səsləndirənlər də oldu. Məsələn, Haqqın.az saytı Matenadaran Qədim Əlyazmalar İnstitutunun əməkdaşı Qayane Ayvazyanın bu barədə erməni mediasındakı fikirlərini təqdim edib: “... 2016-cı ilin aprel döyüşləri status-kvo müddətinin başa çatdığına işarə edirdi. Məsələnin həllini uzatmaqla hakimiyyyət beynəlxalq ictimaiyyəti, Minsk Qrupunu və Azərbaycanı aldatmağa çalışdı... onlar Azərbaycan torpaqlarının bir hissəsinin işğalını milli-azadlıq müharibəsi adlandırmaqla problemin həll variantlarından imtina etdilər.” Ayvazyan bildirir ki, nəticədə hər şey məhv oldu və əvvəllər Dağlıq Qarabağa təklif olunan imtiyazlardan da məhrum oldular. “...Maksimalizm, nifrət, lovğalıq və güzəştsizlik özünü doğrultmadı və faciəvi nəticələrə gətirib çıxardı... 100 illik özünütəcriddən çıxmaq asan olmayacaq, amma Ermənistan qonşuları ilə xoş münasibətlərdə bulanmağa məhkumdur, bunu Ermənistan vətəndaşlarının maraqları tələb edir..”