Sərbəst güləş üzrə Azərbaycan milli komandasında koronavirusa kütləvi yoluxma baş verib.
Pravda.az-ın xəbərinə görə, bunu yığmadan götürülmüş COVID-19 testinin nəticəsi göstərib. Bildirilir ki, yoluxanlar sırasında məşqçilərdən Arif Abdullayev, Oyan Nəzəriani, Rövşən Umudov, Rövşən Hacıyev, Ağahüseyn Mustafayev, güləşçilərdən isə Turan Bayramov da var. Bundan başqa yığma üzvü olmayan güləşçilərin də testi müsbət çıxıb. Fakt üzə çıxdıqdan sonra komandanın hazırlıq keçdiyi təlim-məşq bazasında məşqlər dayandırılıb. Yoluxmalara səbəb kimi əsas heyətlə birgə yeniyetmə və gənclərdən ibarət heyət üzvlərinin də kütləvi məşqlərdə iştirakı göstərilir. Azərbaycan Güləş Federasiyasından "Report"a bildirilir ki, noyabrın 20-də növbəti dəfə bütün heyət testdən keçirilib. Nəticədə bir neçə sərbəst güləşçinin testi pozitiv çıxdığı üçün onlar karantinə alınıb. Rəsmi açıqlamada daha sonra deyilir: "Federasiyamız pandemiyanın Azərbaycanda yayıldığı ilk günlərdən məsələyə həssas yanaşıb. Məhz bu səbəbdən bir neçə ay yığmaların məşqlərinə ara verilib. Yalnız iyundan milli komandalara məşqlərə icazə verildikdən sonra hazırlıq prosesinə start verilib. Ancaq məşqlərdə yalnız əsas komandaya daxil olan güləşçilərin iştirakı nəzərdə tutulub. Bu da sırf dekabrda Serbiyada keçiriləcək Fərdi Dünya Kuboku ilə bağlı keçirilən hazırlıq prosesindən ibarətdir.