İnzibati Xətalar Məcəlləsinə 2 maddə əlavə edilib.
Pravda.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni maddəyə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər isə üç min manatdan dörd min manatadək cərimə ediləcək.
Digər yeni maddəyə əsasən, yuxarıda nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək cərimə ediləcək.