Fransa unitar dövlətdir. 1958-ci ildə qəbul edilmiş konstitusiyasında təsbit olunan aparıcı postulat “vahid və bölünməz” Fransadır. Bu prinsipin qarantı statusunda Fransa prezidenti çıxış edir. Ölkənin təhlükəsizlik və müdafiə məsələləri üzrə “yol xəritəsi” hesab olunan “Ağ kitab”da həmin prinsipin pozulması təhlükəsi yarandıqda hərbi qüvvə tətbiqi zəruru addım kimi nəzərdə tutulur. Eyni məntiqlə Fransada etnik-milli mənsubiyyətə görə inzibati-ərazi bölgüsü yoxdur. “Millət” və “vətəndaş” məfhumları eyni məzmun kəsb edir. Fransanın 22 regionu, 96 departamenti və 36365 kommunasında yaşayan müxtəlif etnosların daşıyıcıları milli identiklik baxımından yalnız fransız hesab olunurlar. Başqa sözlə, 9,6 milyon əhalisi olan Paris və ya 1,6 milyon sakini olan Marsel şəhərləri etnik mozaika baxımından nə qədər rəngarəng olsalar da belə, milli kimliklərini yalnız ailədaxili təmaslarda nümayiş etdirə bilərlər. Bu istiqamətdə fərqli düşüncə separatizm kimi qiymətləndirilir və adekvat sərt cəza mexanizmləri işə salınır. Bu baxımdan Fransanın Yeni Kaledoniya və Korsikada separatçı hərəkatlara qarşı qeyri-mütənasib formada tətbiq etdiyi şiddətlli cəza tədbirləri təkcə keçmiş tarixi reallıqlar deyil, müasir dövrümüzün təkzibedilməz həqiqətləridir. Deməli, Fransa dövləti üçün separatizm təhlükəsi hipotetik deyil, real məzmun kəsb edir və bu baxımdan prezident Emmanuel Makronun bu ilin oktyabr ayında təqdim etdiyi “Separatizmə qarşı mübarizə haqqında” yeni qanun layihəsinin dekabrın 9-da ilkin olaraq hökumətin müzakirəsinə çıxarılması təsadüfi addım sayılmamalıdır. Yuxarıda sadalanan reallıqlar və formal məntiq kontekstində qiymətləndirmə aparsaq, hasil olan qənaət ondan ibarətdir ki, Fransa Avopada, o cümlədən dünyanın istənilən nöqtəsində separatizm təhlükəsinin qarşısının alınmasının flaqmanı kimi çıxış etməlidir. Reallıqda isə Fransa parlamentinin yuxarı palatasının qəbul etdiyi bədnam qətnamə özünü “demokratiyanın beşiyi” hesab edən bu dövlətdə parlamentarilərin öz ölkələrinin milli dövlətçilik maraqlarını ayaqlar altına atıb tapdadıqlarını, cılız və dar erməni mənafeyinə xidmət etdiklərini üzə çıxartdı. Belə ki, noyabrın 25-də Fransa Senatının qəbul etdiyi “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə ilk növbədə həmin bədnam sənədin lehinə səs vermiş 305 senatorun “əl-əli yuyar, əl də üzü” prinsipindən çıxış edərək korrupsiyaya bulaşdığını, ölkələrinin milli maraqlarına qarşı xəyanətkar mövqedə dayandıqlarını ortaya qoydu. Düzdur, sonralar 8 senator daha obyektiv mövqeyə keçsə də, vəziyyət dəyişməz qalır. Fransalı parlamentarilər əslində bu addımları ilə “Qərb demokratiyası”nın maskasını çırıb, önun eybəcər sifətini bütün dünyaya nümayiş etdirdilər.
Həmin sifətə baxanda ilk görünən odur ki, Fransa məlum münaqişənin tənzimlənməsi prosesində sıravi üzv deyil, ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir. Beynəlxalq hüquqa görə, həmsədr dövlət neytral, tərəfsiz, qərəzsiz və obyektiv olmalıdır. Fransa həmsədr olduğu bütün dövrlərdə, xüsusən də 44 günlük müharibə və ondan sonrakı mərhələdə birmənalı şəkildə təcavüzkar və separatçının yanında yer aldı. Fransanın ali rəhbərliyi səviyyəsində bu reallıq dəfələrlə öz təsdiqini tapdı. Noyabrın 22-si və 27-də Fransadan 2 təyyarə ilə Ermənistana humanitar yardım həyata keçirilmişdir. Məbləğinin 2 milyon dollar olduğu qeyd olunur. Aksiyanın təşkilində Fransa prezidenti Emmanuel Makron yaxından iştirak etmiş, bu məqsədlə noyabrın 21-də müvafiq erməni fondunun təmsilçiləri ilə görüş keçirmişdir. Prinsip etibarilə, hər bir dövlətin dostu və ya müttəfiqi ola bilər. Milli səviyyədə hər bir dövlət digərinə münasibətdə rəgbətini istənilən formada həyata keçirməkdə sərbəstdir. Həmsədr dövlət isə bunu edə bilməz. Statusuna ziddir. Doğrudan da, Fransa Ermənistana münasibətdə sevdasını reallaşdırmaq üçün hüquqi məhdudiyətlərlə üzləşirsə, bunu doğuran səbəbi aradan qaldırsın, yəni Minsk qrupundan könüllü istefa versin.
Fransa unutmamalıdır ki, o, BMT TŞ-nın daimi üzvlərindən biridir. O üzvlərindən ki, düz 27 il öncə məlum münaqişənin həlli ilə bağlı 4 qətnamənin qəbulunun lehinə səs vermişdir. Həmi qətnamələtdə açıq mətnlə qeyd olunub ki, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü, suverenıiyini və sərhədlərinin toxunulmazlığını qəbil edir və təsdiqləyir. Eyni zamnada sözügedən qətnamələrdə aydın şəkildə vurğulanır ki, erməni silahlı birləşmələri işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmalıdır. Fransa BMT TŞ-ın daimi üzvü olaraq fərqindədir ki. bu beynəlxalq universal təşkilatın 19 fəsil 111 maddədən ibarət olan Nizamnaməsinin 5-ci fəsil 25-ci maddəsində aydın şəkildə göstərilmişdir ki, TŞ-nın qəbul etdiyi qətnamələrin icrası məcburidir, icbaridir. Bəs onda özünü beynəlxalq hüququn əsas hamilərindən biri hesab edən Fransa nədən həmin hüquqa qarşı bu qədər hörmətsizlik edir? Necə ola bilir ki, 2011-ci ildə BMT TŞ-sı Liviyaya qarşı güc tətbiqi ilə bağlı qəbul etdiyi qətnamənin mürəkkəbi qurumamış Fransanın hərbi hava qüvvələri Tripolini bombalaya bilir, lakin 30 ilə yaxın bir müddətdə lehinə imza atdığı məlum 4 qətnamənin nəinki icrası ilə maraqlanmır, əksinə onların həyata keçirilməsinin qarşısını almaq üçün bütün imkanlarını səfərbər edib, işğalçının və separatçının yanında yer alır. Həm də bunu utanmadan, çəkinmədən açıq şəkildə reallaşdırır.
Nəhayət, niyə bu ermənipərəst senatorlar Dağlıq Qarabağdakı separatçı rejimi tanımaqla onun legitimləşdirilməsi niyyətlərini məhz indi, Ermənistanın kapitulyasiya aktına imza atdığı, məğlub və rəzil bir vəziyyətdə olduğu zamanda həyata keçirmək istəyinə düşüblər? Təhlil edək.