Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkonun müsahibəsi
“Azərbaycan Silahlı Qüvvələri XXI əsrin ordusudur”
- İqor Yuryeviç, Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə başa çatdı. Siz bir hərbi ekspert kimi Azərbaycanın bu müharibədə uğurunu necə qiymətləndirirsiniz?
- Müharibədə uğuru hər şeydən öncə hazırlıqlı, effektli təchiz edilmiş və yüksək mənəvi ruh yüksəkliyi ilə döyüşmək qabiliyyətində olan ordu həll edir. Bütün bu sadaladığım faktorlar Azərbaycan Silahlı Qüvvələrində mövcud idi. Azərbaycan Ordusu hərbi yolla işğal altındakı torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa edilməsi problemini həll etdi. Etiraf etmək lazımdır ki, açığını desək, çox az adam Azərbaycan Ordusunun yüksək effektli döyüş qabiliyyətinə malik olması haqqında düşünürdü. Biz, prinsipcə, Azərbaycan Ordusunun potensialını adekvat qiymətləndirirdik. Bununla yanaşı “Azərbaycan Ordusu döyüşə bilməz, o, effektli hərbi qələbə qazana bilməz. Ermənistan isə istisnasız olaraq peşəkar, ixtisaslı döyüşür” kimi bəyanatları da yaxşı xatırlayırıq. Lakin həyat hər kəsi özü yerinə oturtdu. Biz XXI əsrin ordusunu gördük. Azərbaycan Ordusu 1980-ci illər dövrünün ordusu ilə vuruşurdu. Burada Azərbaycan Ordusunun hərbi qələbəsi sadəcə qanunauyğunluq deyildi, həm də qaçılmaz idi. Bununla yanaşı, biz bu cür qələbənin Azərbaycan dövlətinin son illər silahlı qüvvələrin modernləşməsinə və təliminə əhəmiyyətli vəsaitlər xərcləməsi sayəsində mümkün olduğunu qeyd edirik. Burada dövlətin birinci şəxsinin rolu böyükdür. Xüsusi ilə də postsovet məkanında birinci şəxslər çox şeyləri müəyyən edirlər. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl siyasətini xüsusi qeyd etmək istəyirəm. Hansı ki, Azərbaycan Prezidenti şəxsən, dəfələrlə, yorulmadan hərbi hissələri ziyarət edib, ordunun qayğısına qalıb, Azərbaycanın neftdən gələn gəlirlərinin bir hissəsinin ölkənin hərbi gücünə çevrilməsi üçün hər şeyi edib. Nəzərə alsaq ki, ölkə ərazisinin 20 faizi Ermənistanın işğal altında idi, bunu etmək lazım idi. Bütün bunlar əla nəticələr verdi. Düşünürəm ki, bu mənada Dağlıq Qarabağda olan müharibə, hansı ki, ikinci Qarabağ müharibəsi adlanır, o, dünya müharibə sənəti tarixinə “dronlar müharibəsi” kimi daxil olacaq. Dünya tarixində ilk dəfə müharibə tərəflərindən biri olan Azərbaycan bu qədər zərbə və kəşfiyyat pilotsuz uçuş aparatlarından istifadə edib. Məhz bunların sayəsində böyük uğur əldə etmək mümkün oldu. Lakin düşünürəm ki, başlıca faktor Azərbaycan əsgəri və zabitinin igidliyi, hərbi komandanlığın savadlılığı və sözsüz ki, Ali Baş Komandan İlham Əliyevin istisnasız böyük rolu oldu. Azərbaycan Prezidenti İlham Əliyev dövlət rəhbəri kimi, Ali Baş Komandan kimi effektli olduğunu, Azərbaycanda mövcud olan hakimiyyət modelinin effektli olduğunu, ümumilikdə qeyri-effektiv, bacarıqsız və korrupsiyaya bulaşmış Ermənistan rejiminin fonunda Azərbaycan dövlətinin nə qədər effektli olduğunu göstərdi.
“Azərbaycan Ordusu Şuşa uğrunda döyüşləri istisnasız olaraq şəxsi igidliyi, dözümlülüyü, əzmi və qələbəyə inamı sayəsində qazanıb”
- Şuşa şəhərini Azərbaycan Ordusu dronlarsız, yüksək texnologiyalardan istifadə etmədən azad edib. Demək olar ki, əlbəyaxa döyüş olub. Bu barədə nə deyə bilərsiniz?
- Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı əməliyyat göstərdi ki, bu şəhər Azərbaycan üçün strateji əhəmiyyətli və simvolik xarakter daşıyır. Məsələ ondadır ki, Şuşadakı hərbi əməliyyatların teatrı havadan dəstəkdən, ağır silahlar və texnikalardan istifadə etməyə icazə verməyib. Azərbaycanlı döyüşçülər, görünür onların bir qismi xüsusi təyinatlılar və dağ atıcı bölmələri olublar, Şuşaya dağ-meşə yolları ilə piyada marş ediblər. Onlar güllələri, silah-sursatları üzərində daşıyıblar. Şuşa uğrunda döyüşlər şiddətliliyi ilə seçilib. Azərbaycan Ordusu Şuşa uğrunda döyüşləri istisnasız olaraq şəxsi igidliyi, dözümlülüyü, əzmi və qələbəyə inamı sayəsində qazanıb. Ermənistan tərəfinin Şuşa uğurunda döyüşlərdəki itkilərini bilirik. Bütün bunlar onu göstərir ki, üzbəüz döyüşdə, haradakı ki, ya sən öldürürsən, ya da səni öldürürlər, Azərbaycan bölmələri qələbə qazanıb. Üstəlik, onu da qeyd edim ki, Ermənistan ordusuna Şuşa döyüşlərində artilleriya, reaktiv yaylım atəşləri sistemləri, zirehli texnika dəstək verib. Ermənilər Xankəndindən Azərbaycan bölmələrini ağır silahlarla atəşə tutublar. Bütün bunlara baxmayaraq, çox şiddətli keçən təmas döyüşlərində, küçə döyüşlərində Azərbaycan Ordusu əla döyüş qabiliyyəti keyfiyyətinə malik olduğunu göstərmiş oldu. Şuşa döyüşləri bu müharibədə kimin qələbəyə inamlı olduğunun, kimin əsgərinin nə üçün vuruşduğunun göstəricisidir. Əlbəttə ki, bu, həm də qərargahların işinin effektivliyinin göstəricisidir. Ona görə ki, bu cür əməliyyatlar planlaşdırılıb, onun yekunu və nəticələri savadlı operativ hərbi idarəetmə və sözsüz ki, döyüşlərdə Azərbaycan əsgəri və zabitinin dözümlülüyüdür.
“Lavrov və Şoyqunun İrəvana səfəri zamanı Moskvanın mesajı Ermənistan tərəfinə çatdırılıb”
- Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanata yenidən baxılması cəhdləri müşahidə olunur. Xüsusi ilə də Ermənistan və bu bəyanatda adları vurğulanmayan Qərb ölkələri tərəfindən... Sizcə bu cəhdlər nə ilə nəticələnə bilər?
- Düşünürəm ki, üçtərəfli bəyanat uzun sürən Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanmasının özülüdür. Razılaşmada Paşinyanın imzası durur. Onun simasında faktiki olaraq Ermənistan Azərbaycanın şərtləri altında kapitulyasiyaya gedib və hərbi əməliyyatları dayandırmağa razılaşıb. Bilirik ki, işğal altındakı Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələri çıxardılır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunur. Bəli, İrəvanda bu bəyanatın qüvvədən düşməsinə və ya yenidən baxılmasına çağırışlar olub. Burada bir sıra xarici oyunçuların, xüsusi ilə Fransa və ABŞ-ın aktiv təsiri böyükdür. Bununla əlaqədar, Rusiya müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana səfərini xatırlatmaq istəyirəm. Bu səfər zamanı rəsmi Moskvanın mesajı bir daha Ermənistan tərəfinə çatdırılıb. Bildirilib ki, Ermənistan üçtərəfli bəyanatdan irəli gələn üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirməlidir. Bundan başqa, Rusiya Prezidenti Vladimir Putin müsahibələrində, məlum razılaşma ilə bağlı çıxışında bəyanatın icra olunmasının vacibliyini vurğulayıb və bəyan edib ki, Ermənistan tərəfindən razılaşmadan imtina edilməsi fəlakətə səbəb olacaq. Buna əlavə ediləcək bir şey yoxdur. Lakin bununla belə, biz Fransa Senatında çirkin təlaşın olduğunu, siyasi rüşvətxorluğun qapalı olmayan tərəfini müşahidə edirik. Erməni lobbisi Azərbaycana qarşı bu çirkin oyunda iştirak etmək üçün Fransa siyasətçilərinin bir qismini ələ alıb. Əlbəttə ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınmasından heç bir söhbət gedə bilməz. Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi açıq-aydın erməni marağını təbliğ edə bilməz. Fransa hadisələrə erməni eynəyindən baxmamalıdır. Lakin biz burada faktiki olaraq prezident Makronun, Avropa və Fransanın hörmətli siyasətçisinin İrəvanın təsirində olan agent kimi çıxış etdiyini görürük. Bütün bunlar böyük təəssüf doğurur. Amerika isə bu dəqiqə regiondakı vəziyyətin hayında deyil. Buna baxmayaraq, getməkdə olan ABŞ-n prezident administrasiyası tərəfindən Amerika-erməni lobbisinin oyunlarını, dövlət katibi Pompeonun qeyri-konstruktiv bəyanatını gördük. Baydenin də aktiv erməni lobbiçisi olduğunu bilirik. Lakin ümid edirəm ki, ABŞ Prezidenti kimi o, özünü məsuliyyətli və layiqli aparacaq. Bununla belə, üçtərəfli bəyanatı tormozlamağa çalışanlar var və bundan sonra da olacaq. Ümid edirəm ki, Rusiya sülhməramlılarının iştirakı və Rusiya və Azərbaycanın nüfuzunun dəstəyi ilə məlum sənədi Ermənistan tərəfi tam həcmdə müəyyən olunmuş müddətdə icra edəcək.
“Qarabağ-Azərbaycandır! Bu gün bu reallıqdır. Ermənistan dövləti və cəmiyyəti bu reallığı qəbul etməlidir”
- Necə hesab edirsiniz, ümumilikdə, bu hadisələrdən sonra Ermənistanın taleyi necə olacaq?
- Ermənistan təkcə hərbi deyil, həm də siyasi və iqtisadi fəlakətə uğrayıb. Əgər Ermənistan revanş, qisas yolunu tutsa, düşünürəm ki, bu ölkəni birdəfəlik dünya xəritəsindən silinmə gözləyir. Ermənistan çökəcək. Ona görə ki, Ermənistandan aktiv əhali axınının olduğunu görürük. Əgər, onlar bu qeyri-konstruktiv siyasəti davam etdirsələr, Ermənistanın iqtisadi problemləri daha da güclənəcək. Ermənistan mehriban qonşuluq yolunu tutmalıdır. İlk növbədə mövcud siyasi reallığı qəbul etməlidir. Bu reallıq ondan ibarətdir ki, heç bir “Böyük Ermənistan” yoxdur və heç vaxt olmayacaq. Bu mifdir. Hitlerin silahdaşı olan Qaregin Njdenin ideologiyası əsasında Ermənistanda qurulan ideologiya bu ölkə və erməni xalqı üçün tarixi dalandır. Əgər Ermənistan özündə güc tapıb bu qisasçılıqdan, Azərbaycana və digər qonşularına qarşı ərazi iddialarından imtina etsə, regionda iqtisadi, siyasi və mədəni əlaqələri bərpa etsə, Azərbaycan və Türkiyə ilə düşmənçiliyə son qoysa, o zaman bu ölkənin uğurlu inkişaf etməyə şansı olacaq. Dünya xəritəsində bütün ölkələr və xalqlar bərabərdir, “eksklüziv xalq” anlayışı yoxdur. Əgər İrəvandakı hakimiyyət elitası tərəfindən tarixi qisasçılıq ideologiyasının həyata keçirilməsi davam etsə, bu, Ermənistana yeni bəlalar və hansısa tarixi perspektivdə mövcud olmamaq gətirəcək. Hesab edirəm ki, Azərbaycan və erməni xalqı birlikdə yaşamalıdır. Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşları kimi Azərbaycanın rifahı naminə yaşayıb yaratmaq imkanına malikdirlər. Bu mənada demək istəyirəm ki, bu rəsmi Bakının mövqeyidir. Biz, dəfələrlə Azərbaycan Prezidentinin “Dağlıq Qarabağ ermənilərini Azərbaycan öz vətəndaşları kimi qəbul edir. Dağlıq Qarabağın iki icmasının dinc şəraitdə yaşaması üçün bütün şərait var” dediyini eşitmişik. Biz, Azərbaycan Prezidentinin hərbi əməliyyatlardan, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra Ermənistanla yaxşı münasibətlərin qurulmasında maraqlı olduğu bəyanatını eşitmişik. Bu mənada rəsmi Bakı tərəfindən regionda dayanıqlı və ədalətli sülhün olması üçün real səyləri və istəyi görürük. İrəvan tərəfindən isə cavab reaksiyasını hələ ki müşahidə etmirik. Mənə elə gəlir ki, ermənilər hələ də baş verən dəyişikliyi dərk etməyiblər. Hələ də Ermənistan tərəfindən Dağlıq Qarabağda ermənilərin maraqlarının olması barədə qeyri-konstruktiv iddiaları görürük. Dağlıq Qarabağ Azərbaycandır. Ona görə də, bu regionun inkişafı ilə, orada yaşayan əhalinin maraqlarını müdafiə etməklə artıq Azərbaycan məşğul olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Qarabağ Azərbaycandır və nida işarəsi... Bu gün bu reallıqdır. Mənə elə gəlir ki, bu gün Ermənistan dövləti və cəmiyyəti bu reallığı qəbul etməlidir və öz gələcəyini qonşularına qarşı ərazi iddiası olmadan qurmalıdır.
“Paşinyan siyasi “luzer”dir, o, bir siyasətçi kimi artıq bitib”
- Sizcə, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağın müstəqilliyinin tanınması bizim başlıca prioritetimizdir” bəyanatı Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli sənədin həyata keçirilməsini təhlükə altına qoymur? Hər kəsə məlumdur ki, Rusiya bu sənədin reallaşmasının zəmanətçisidir.
- Paşinyan siyasi “luzer”dir. O, Ermənistanı fəlakətə sürüklədi. Öz siyasi bacarıqsızlığı sayəsində Paşinyan müharibənin real olması üçün əlindən gələni etdi. Azərbaycanı bu müharibəyə təhrik etdi. O, müharibəyə hazırlaşmışdı. Paşinyanın generalları bəyan etmişdilər ki, yeni müharibə olacağı təqdirdə, onlar Bakıya çatacaqlar və Azərbaycan bır sıra ərazilərini itirəcək. Bu, faktiki olaraq Ermənistanın suveren Azərbaycan dövlətinə qarşı yeni ərazi iddiasını özündə əks etdirən həyasız siyasət idi. Bu gün bu, siyasi çöküşlə nəticələndi. Bu cür məğlubiyyətlə üzləşən Paşinyan hələ də özünə belə bəyanat səsləndirməyi rəva görür. Mənə elə gəlir ki, bu oqoniyadır. Paşinyan bir siyasətçi kimi artıq bitib, o yoxdur. Paşinyandan qalan siyasi qabıqdır, hansı ki, onun içindən hava çıxıb. Öz qisas və Azərbaycanın yeni ərazilərini işğal etmək planları ilə Paşinyan şişib partladı, necə ki bütün Ermənistan kimi onun da havası çıxdı. Ona görə də, hesab edirəm ki, Paşinyanın bugünkü sözlərindən heç nə asılı deyil, tamamilə heç nə... Onun bəyanatları hakimiyyəti qoruyub saxlamağa cəhddir. Paşinyan cəhd edir ki, onunla, misal üçün parlamentin spikerinə davrandıqları kimi rəftar etməsinlər. Hansı ki, müharibədən sonra İrəvanda kütlə parlamentin spikerini linç etmişdi. Bunun özü də “Ermənistan demokratiyası”nın göstəricisidir. Faktiki olaraq İrəvanda küçədə Ermənistan dövlətinin üçüncü şəxsini öldürürdülər. Hansı demokratiyadan danışırıq? Bu demokratiya deyil, oxlokratiyadır. Ona görə də Paşinyanın bəyanatı praktiki nöqteyi-nəzərdən heç nədir, sadəcə olaraq hava titrəməsidir, bundan artıq heç nə... Ona görə də, fikrimcə, başçılıq etdiyi dövlət üçün fəlakətlə nəticələnən missiyası bitmiş siyasətçinin bəyanatlarına ciddi əhəmiyyət vermək lazım deyil.