BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənilərin bir nəfər kimi Qarabağdan çıxarılması birmənalı etnik təmizləmə və genosid kimi qiymətləndiriləcəkdi” – Aslan İsmayılov

“Müharibə dövrü hamını daim birliyə çağırdım, haqqımda illərdir şər-böhtan yağdıranları bağışladığımı elan etdim. Zənn edirdim ki, bəziləri səhvlərini etiraf edib, normal iqtidar-müxalifət münasibətlərinin qurulmasının vacibliyini anlayıb artıq köhnə əməllərindən əl çəkəcəklər. Hesab edirdim ki, bu şanlı Qələbədən sonra hakimiyyətdə, müxalifətdə, KİV-lərdə, QHT-lərdə olan Ramiz Mehdiyev - Əli Həsənov cütlüyünün tör-töküntüləri abırlarına qısılıb bütün sahələrdən rədd olub, bu sahələri Böyük Vətən Müharibəsində şücaət göstərən gənclərimizə verəcəklər. Normalda, abır-həyaları olanlar bu qədər rüsvayçılıqdan, illərdir xalqa, cəmiyyətə yalan, böhtan tirajladıqdan sonra insan üzünə çıxmaqdan utanardılar, bütün müharibə dövrü girdikləri siçan deşiyindən bir daha çıxmazdılar. Görünən isə odur ki, bunlarda abır-həya heç vaxt olmayıb və olmayacaq. Bu gün yenə meydan sulamaq, əsgər-zabitlərimizin canı-qanı bahasına əldə etdiyimiz möhtəşəm Qələbəyə kölgə salmaq istəyirlər. Özü də bunu tam ermənilər kimi həyasızcasına, hiyləgərcəsinə, utanmadan edirlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov bildirib ki, qələbəni gözdən salmaq, insanların içinə şübhə toxumu səpmək üçün gündə bir bəhanə uydururlar, dünən söylədiklərini unudub yeni-yeni bəhanələr tirajlayırlar: “ Gah tirajladılar ki, bəyanatda bəyan edilənlər yerinə yetirilməyəcək, ermənilər öz xoşlarına Ağdamı, Kəlbəcəri və digər torpaqları azad etməyəcəklər, gah dedilər ki, Şuşa bizdə deyil, orada rus qoşunları var, Kəlbəcərin boşaldılması üçün 10 gün vaxt veriləndə dedilər ki, ora heç vaxt azad edilməyəcək və s. və i. Hamı kimi mən də başa düşürəm ki, bəyanatla bağlı çoxlu suallar var və onlar səsləndirilməlidir ki, hakimiyyət bizim narazılığımızdan bu bəyanatın tam icra edilməsində faydalana bilsin. Ancaq yox, bunların hər yazısından zəhər, kin, küdurət tökülür, təhqir, böhtanlar yağdırılır, insanlar bilərəkdən çaşdırılır. Bunların tək bu “müharibə dayanmamalı, son erməninin Azərbaycan torpaqlarını tərk edənə qədər davam etdirilməli idi”, “rus sülhməramlılarının Qarabağda təmas xətlərində yerləşdirilməsi Vətənə xəyanətdir” fikirləri onların iç üzlərini göstərir. Bu iki məsələ ilə bağlı fikrimi əvvəllər bildirsəm də, bir daha təkrarlamalı oluram. Bütün dünyanın gözü qarşısında ermənilərin bir nəfər kimi Qarabağdan çıxarılması birmənalı etnik təmizləmə və genosid kimi qiymətləndiriləcəkdi. Hələ müharibənin bu fazada dayandırılmasından, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dəfələrlə “ermənilər Dağlıq Qarabağda Azərbaycan vətəndaşları kimi təhlükəsiz yaşaya bilərlər” bəyanatından sonra dünyanın reaksiyasını, Fransa Senatının qəbul etdiyi qərarı gördük. Hələ irəlidə bu tipli bir çox təxtibatları da görəcəyik. İndi təsəvvür edin, bunların təklif edikləri kimi olsaydı, Azərbaycanı, elə Türkiyə ilə birlikdə nə gözləyərdi. Bu arada nəzərə alaq ki, müharibə davam edəcəyi təqdirdə neçə-neçə igid balalarımız həlak olacaqdı. Ən əsası isə artıq müharibənin ən çətin fazasına keçiriləcəkdi. Qarşıda soyuq havalar və dağlıq ərazilər idi. Öz balalarının, yaxud doğmalarının müharibədə yox, xaricdə olanların belə bu fikirləri səsləndirilməsi insanlıqdan uzaqdır. Öz balası, yaxud doğması cəbhə bölgəsində olan bir nəfər belə müharibənin dayandırılmasının əleyhinə olmadı və olmazdı da.

Bunların günlərdir tirajladığı "Vətənə xəyanət"lə bağlı da bir balaca, dünyaya demirəm, elə yaxın ətrafımıza fikir verək. Son 200 ildə bölgəmizdə hansı ölkə Rusiyanın tam əleyhinə nə isə edə bilib?! Edibsə də, bundan nə əldə edib?! Avropanın mərkəzində yerləşən, böyük, güclü dövlətlərindən biri olan xristian Ukrayna Rusiyanı hesaba almadan, müharibə aparmadan, Rusiyanın qoşunları yerləşən yerlərə iddia etmədən, sadəcə, öz istəyi ilə Qərbə inteqrasiya etmək istədi. Bütün dünyanın, ABŞ-ın, Avropanın ali dövlət rəhbərlərinin Ukraynanı müdafiə etmək üçün Kiyevdə oturduqları günlərdə Rusiya Krımı işğal etdi, bütün Donbası viran qoydu, ərazisinə qoşunlarını soxdu, 400 yaxın mülki vətəndaşı olan Hollandiya təyyarəsini göydə vurub param-parça etdi, 3000-dən çox mülki insanları qətlə yetirdi, kim nə edə bildi?! Elə bu günlərdə aylardır bütün dünyanın, o cümlədən Avropanın açıq-aşkar müdafiə etdikləri Belorusiya vətəndaşları aylardır ki, yüz minlərlə Lukaşenkonun getməsini istəyir. Rusiya istəmir deyə kim nə əldə edib?! Mən hələ Rusiyanın 2008-ci ildə Gürcüstanın Abxaziya və Osetiya bölgəsini işğal edib öz ərazilərinə qatmasını, uzaq Liviyada, Suriyada etdiklərini demirəm. 2 minə yaxın sülhməramlılarını demirəm, 1 rus əsgərinin də Qarabağda təhlükə olduğunu çoxlarından yaxşı bilirəm və onu da arzulamıram. Ancaq ağlı başında olan, Dövlətini, Vətənini qorumaq istəyən hər kəs reallığı nəzərə almalıdır.

Bundan başqa, qardaş Türkiyə hər addımında bizim yanımızda olduğunu, qoşun göndərməyə hazır olduğunu dəfələrlə bəyan edib və nəticədə hələ də Rusiya öz əməllərindən əl çəkmir, Qafqazda tarixi maraqlarının olduğunu açıq-aşkar bəyan edir. Yoxsa keçən əsrin 90-cı illərində bu populist çıxışlarının Azərbaycana nəyin hesabına başa gəldiyini unudublar?! Axı məhz bu boşboğazlıqlarına görə bədəllərini başqaları yox, elə özləri də ödəyiblər. Doğrudanmı bu siyasət dəllalları özlərini Azərbaycan Respublikası Prezidentini demirəm, Türkiyə kimi bir dövlətin də Ali rəhbərlərindən ağıllı, cəsarətli sayırlar?! Xeyr, bunlarda nə cəsarət, nə ağıl, nə də vətənpərvərlik, ən asası da abır-həya var. Burada yazdıqlarımı da gözəl bilirlər, çünki özləri dəfələrlə elə Rusiyaya arxalanıb hakimiyyətə gəlmək istəyiblər. Bunu tam əminliklə deyirəm. Mənim üçün bu “siyasətçilər”in, “ictimai xadimlər”in məqsədləri tam aydındır, nəyin bahasına olursa olsun, yenə əvvəlki illər kimi cəmiyyəti qarşıdurmaya sürükləmək, yeni yaradıcılıq, quruculuq işlərindən yayındırmaq və öz mövcudluqlarını, qazanc yerlərini saxlamaq. İstənilən cəmiyyətin inkişafı üçün müxalifət olmalıdır, bu cəmiyyətin inkişafının göstəricisidir. Ancaq müxalifətçiliklə düşmənçiliyin fərqi çox böyükdür. Müxalifət "hakimiyyət nə qədər çətin, pis duruma düşərsə xalqın vəziyyəti o qədər də pisləşəcək və bizim hakimiyyətə gəlmək şansımız çox olacaq" fikri ilə yaşamamalıdır. Müxalifətçilik hakimiyyətin nöqsanlarını, neftin qiymətinin düşməsini görüb sevinmək üçün deyil, həmin nöqsanları görüb və həlli yollarını göstərmək, öz ağıllı, real, dürüst fikirləri, təklifləri ilə Xalqın rəğbətini qazanmaq və hakimiyyətə bu yolla gəlməkdir”.

Tarix: 28 Noyabr 2020, 20:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin