Fövqəladə hadisə baş verməsə, Ermənistan dekabrın 1-də Laçını Azərbaycan Ordusuna təhvil verməlidir. Üçtərəfli razılaşmanın 6-cı bəndində deyilir ki, Laçın koridoru Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək. Bununla belə, Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.
Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün də Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi nəzərdə tutulur.
Bu o deməkdir ki, xoşumuza gəlsə də, gəlməsə də yaxın 3 ildə Azərbaycan vətəndaşları və Qarabağda yaşayan erməni əhali Laçın yolundan birgə istifadə etməlidirlər.Burada heç bir alternativ yoxdur.
Məlumdur ki, İrəvandan Xankəndinə (və ya əksinə) gedən ən qısa yol Laçın dəhlizindən keçir. Burada bir mühüm məqama da aydınlıq gətirmək lazımdır. Razılaşmada deyilir ki, Laçın koridoru Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə, Şuşa şəhərinə toxunmayacaq. Qarabağı Ermənistanla birləşdirən yola bələd olmayanlar bu məqamla bağlı bəzi haqlı suallar verirlər. “Şuşaya toxunmayacaq” razılaşması nə deməkdir?
Məlumat üçün deyək ki, İrəvandan Xankəndinə getmək üçün (və ya əksinə) Şuşa şəhərinə daxil olmağa zatən, ehtiyac yoxdur. Bu sovet dönəmində də belə idi. Yerli əhalinin “Alt yol” dediyi yol Laçın istqamətindən gələndə Şuşanın girəcəyindədir.(Həmin fotonu təqdim edirik). Xankəndindən İrəvana gedənlər (və ya İrəvandan gələnlər) Şuşaya daxil olmağa ehtiyac duymurdular. Amma bildirək ki, “Alt yol”dan istifadə edənlər- həm Ermənistana gedənlər, həm Xankəndinə gələnlər- faktiki Şuşanın inzibati ərazisindən keçirlər. 10 noyabr anlaşmasında “Şuşaya toxunmayacaq”deyəndə məhz söhbət ondan gedir ki, ermənilərin bu tarixi şəhərinin içərisinə daxil olaraq Laçın yoluna çıxması (və ya Xankəndinə getməsi) qadağındır. Hələ dinc dövrlərdə də ermənilər Şuşada işləri olmazsa, heç vaxt şəhərin içindən keçərək Laçın yoluna istiqamətlənməzdilər.
Amma burada bir maraqlı məqam da var. Bu, Xankəndi-Şuşa arasındakı 11 kilometrlik məsafənin kimin nəzarətində olması ilə bağlıdır. Şuşa ilə Xankəndini birləşdirən “Yeddi dolama” deyilən yol Şuşanın inzibati ərazisi sayılır. Şuşanın işğalınadək də bu yol Azərbaycanın nəzarətində olub. İndi Xankəndi-Ağdam yolu bağlıdır. Şuşaya isə alternativ yol çəkilişinə başlanıb. Belə olduğu halda, Xankəndindən gedən(və gələn) həmin 11 kilometrlik ərazinin də sülhməramlıların nəzarətində olacağı aydınlaşır. Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən infoqramadan da görünür ki, Laçın koridorundan Şuşanın girişinədək (foto təqdim edilib) sülməramlıların 6 nəzarət postu qurulub.
Noyabrın 27-nə olan rəsmi məlumata görə, sülhməramlılar Laçın koridorunu nəzarətə götürəndən (noyabrın 14-dən) bu yolla Xankəndinə 24 avtobus və 201 avtomobil keçib. Amma həmin 11 kilometrlik məsafədə neçə post qurulduğunu təəssüf ki, infoqramda müəyyənləşdirmək mümkün olmur.